Quba filialının Tələbə Könüllülər Klubunun sədri, filialın “Xarici dil müəllimliyi” ixtisasının 4-cü tədris ili tələbəsi Ceyran Ağasıyeva “Kəndə gəl” yay düşərgəsində Düşərgə lideri olaraq iştirak edib, sertifikata layiq görülüb
Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə “Kəndə gəl” yay düşərgəsi keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan düşərgədə elm, texnologiya, ekologiya, kənd təsərrüfatı, memarlıq və mədəni irslə bağlı təqdimatlar keçirilib. Təqdimatlarda süni intellekt və müasir texnologiyaların tətbiqi, kənd ərazilərinin dayanıqlı inkişafı, ekoturizm, dron texnologiyaları, rəqəmsal folklor və digər aktual mövzulara toxunulub.
Düşərgə müddətində gənclər üçün intellektual oyunlar, voleybol yarışı və müxtəlif komanda fəaliyyətləri təşkil edilib. Mədəni proqram çərçivəsində iştirakçıların hazırladığı səhnəciklər, musiqi və rəqs nömrələri təqdim olunub, həmçinin milli kino gecəsi və digər sosial fəaliyyətlər keçirilib.
Tədbirin sonunda voleybol yarışının qalibləri və intellektual oyunda fərqlənən komandalar mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.




