Quba filialının tələbələri üçün tarixi abidələrə ekskursiya təşkil edilib.

27.10.2026
Quba filialının tələbələri üçün tarixi abidələrə ekskursiya təşkil edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının “Tarix müəllimliyi” ixtisasının 2501B qrup tələbələri Azərbaycan tarixinin qədim və orta əsrlər dövrlərini, milli arxeoloji irsi və maddi-mədəniyyət abidələrini əyani-praktik müstəvidə mənimsəmək məqsədilə Çıraqqala–Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğuna və Tunc dövrünə aid Çaqallıqtəpə yaşayış məskəninə elmi-maarifləndirici ekskursiya etmiışdirlər.

​Tədbirdə ADPU-nun Quba filialının Tədris şöbəsinin müdiri Mələk Bağırova, Pedaqoji təcrübə rəhbəri Şəhla Mədətova və Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev iştirak etmişdirlər.

​Nümayəndə heyəti qoruğun müdiri Günel Pirquliyeva tərəfindən qarşılanmış, qoruğun elmi bələdçiləri tərəfindən tələbələrə orta əsr Şabran şəhərinin regional iqtisadi, siyasi və mədəni proseslərdəki rolu, eləcə də ərazidə aparılan son arxeoloji qazıntıların metodologiyası və elmi nəticələri barədə hərtərəfli akademik məlumat təqdim olunmuşdur. Tələbələr fondda mühafizə edilən eksponatları nəzərdən keçirərək, arxeoloji artefaktların tarixşünaslıqdakı konseptual əhəmiyyətinə dair biliklərini zənginləşdirmişdirlər.

​Görüş çərçivəsində ADPU-nun Quba filialı ilə tarix-mədəniyyət qoruğu arasında elmi-maarifləndirici əməkdaşlığın genişləndirilməsi, tələbələrin arxeoloji tədqiqat proseslərinə inteqrasiyası məsələləri müzakirə olunmuşdur. Layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə təşkilatçı, tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev və qoruq müdiri Günel Pirquliyeva filialın direktoru, professor Yusif Alıyevə minnətdarlıqlarını ifadə etmişdirlər.

​Ekskursiya proqramının növbəti mərhələsində Tunc dövrünə aid Çaqallıqtəpə yaşayış yeri ziyarət edilmişdir. Burada tələbələrə abidənin stratiqrafiyası, qədim məskunlaşma dinamikası, Erkən Tunc dövrü və X əsrə aid tapıntılar, habelə meqalit və defter qəbir abidələri haqqında elmi məlumatlar verilmişdir. Tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev abidələrin elmi-tarixi əhəmiyyətini yerindəcə təhlil etmişdir. Maddi-mədəniyyət nümunələrinin bilavasitə müşahidəsi tələbələrin yazılı mənbələrdən əldə etdikləri nəzəri bilikləri arxeoloji materiallarla müqayisəli təhlil etməsinə və konseptual əlaqələr qurmasına şərait yaratmışdır.

​Qeyd edək ki, bu qəbildən olan elmi-tədris ekskursiyaları gələcək tarixçi-pedaqoqların nəzəri hazırlığının akademik-praktik təcrübə ilə möhkəmləndirilməsi, tədqiqatçılıq kompetensiyalarının inkişafı və milli-mədəni irsə elmi-məsuliyyətli münasibətin formalaşdırılması baxımından mühüm konseptual əhəmiyyət kəsb edir.

​Tarixin öyrənilməsi sadəcə xronoloji məlumatların mənimsənilməsi deyil, xalqın kollektiv yaddaşının, dövlətçilik ənənələrinin və milli kimliyinin akademik müstəvidə qorunması prosesidir. Tarixi-arxeoloji abidələr keçmişlə müasir dövr arasında varislik əlaqəsini təmin edən obyektiv mənbələrdir. Bu irsin tədqiqi, habelə gələcək nəsillərə elmi əsaslarla ötürülməsi gələcək tarixçi mütəxəssislərin konseptual peşə vəzifələrindən biridir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?