Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova və filialın Xarici dil müəllimliyi ixtisasının XM2401 B qrup tələbələri noyabrın 14-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilmiş XTQ Baş leytenant Şəhid Bayramov Ruslan Azər oğlunun məzarını ziyarət edib.
Xalqımızın qəhrəman övladının nur ətirli məzarı üstünə tər çiçəklər düzülüb, əziz xatirəsinə ehtiram göstərilib, ruhuna dualar oxunub.
Filialın heyəti daha sonra şəhidin evinə gələrək burada keçirilən anma mərasimində iştirak ediblər. Qeyd edək ki, Şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova filialın Xarici dil müəllimliyi ixtisasının II tədris ili tələbəsidir.
Şəhidin ailə üzvləri filialın direktoru professor Yusif Alıyevə Şəhid ailələrinə qarşı diqqət və qayğısını əsirgəmədiyi üçün şəhid ailələri adından dərin təşəkkürlərini çatdırıb, belə görüşlərin tələbələrin şəxsiyyət kimi hərtərəfli hazırlığında rolundan bəhs ediblər.
Qeyd edək ki, Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1996-cı ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan Vətən müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!




