Quba filialının Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransda iştirak edib
Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfrans 7 ölkənin – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatının iştirakı ilə gerçəkləşdirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr edilmiş sərgiyə baxış keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Plenar iclasda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki,
XX əsrdə Azərbaycanda yenidən Akademik kitabxana işi formalaşıb və 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətbiq Cəmiyyətinin qərarı ilə bugünkü Mərkəzi Elmi Kitabxananın sələfi olan Kitabxana-biblioqrafiya bürosu yaradılıb.
Sonra MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Mərkəzi Elmi Kitabxananın inkişaf yolu və vəzifələri” mövzusunda məruzə edib. Tədbirin plenar iclasında, həmçinin Türkiyənin Rami Kitabxanasının direktoru Əli Çelik, Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Milli Məclisin deputatı Fazil Mustafa, Daşkənd Dövlət Hüquq Universitetinin İnformasiya-Resurs Mərkəzinin direktoru Pirmedova Xaytqul Muhammedovna, İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru dosent Xumar Məmmədova çıxış ediblər. Çıxışlarda MEK-ə ünvanlanmış təbriklər, dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi, rəqəmsal transformasiya kontekstində kitabxanalar, yeni çağırışlar səsləndirilib.
Sonra MEK-in yubileyinə həsr olunmuş sənədli filmə baxış keçirilib.
Daha sonra MEK-in direktoru Hüseyn Hüseynov Akademiya prezidenti tərəfindən “AMEA-nın 80 illiyi” döş nişanı ilə təltif olunub.
Həmçinin Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi münasibətilə kitabxananın elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup MEK əməkdaşı AMEA Rəyasət Heyətinin, YAP Yasamal rayon təşkilatının, eləcə də AMEA Azad Həmkarlar İttifaqının Təşəkkürnamə və Fəxri fərmanları ilə təltif ediliblər.
Konfransın ikinci hissəsi “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər”, “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində”, “Kitabxana fəaliyyətinin müasir vəziyyəti: Beynəlxalq və yerli təcrübə”, “Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu” mövzulu 4 bölmə iclası ilə davam edib. Bölmə iclasında filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva da “Kitabxanalar və milli mədəni irsimiz” adlı məruzə ilə çıxış edib.
Mədəni irsin qorunmasında rəqəmsallaşma, kitabxanaların missiyası, türk dövlətlərində mədəni irsin qorunması, kitabxanaların ictimai və elmi funksiyaları, müasir akademik kitabxana proseslərinin rəqəmsallaşdırma və avtomatlaşdırma istiqamətləri, kitabxana fəaliyyətində süni intellekt, müasir çağırışlar və inkişaf perspektivləri kimi və digər məsələlər geniş şəkildə müzakirə olunub.







