1 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şuranın katibi Sevinc Babaşova çıxış edərək üzvlərin yetərsay olduğunu qeyd edib və iclasın səlahiyyətli olduğunu bildirib.
Sonra Elmi Şuranın sədri, professor Yusif Alıyev ötən dövr ərzində filialda görülən uğurlu işləri sadalayıb, əldə edilən nailiyyətlərə görə kollektivi təbrik edib. Sədr çıxışında qarşıdan gələn yaz semestrinin imtahan sessiyasına da xüsusi toxunaraq, imtahanların şəffaf, obyektiv və yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.
Daha sonra sədr Elmi Şuranın gündəliyi ilə iclas iştirakçılarını tanış edib. Gündəlikdə duran məsələ — “Yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” ilə əlaqədar tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva geniş təqdimatla çıxış edib. P.Rzayeva sessiyaya hazırlıq işlərinin mövcud vəziyyəti, imtahan suallarının bazası və təşkilati məsələlər barədə ətraflı məlumat verib.
Cari məsələlərdə Tədris şöbəsinin müdiri Mələk Bağırovanın təhsilalanların kreditlərinin tanınması ilə bağlı çıxışı dinlənilib, bu prosesin qanunvericiliyə və mövcud qaydalara uyğun idarə olunması məsələləri müzakirə edilib.
Dinlənilmiş hesabatlar və təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Sonda qarşıda duran vəzifə və öhdəliklər bir daha diqqətə çatdırılıb, tələbə könüllülüyü ilə bağlı Əsasnamənin layihəsinin müzakirəsi və qəbul edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər dinlənilib.




