Noyabrın 7-də ADPU-nun Quba filialının Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən Elmi Şuranın iclasında giriş sözü ilə çıxış edən Sədr, filialın direktoru professor Yusif Alıyev Elmi Şuranın 21 nəfərdən ibarət yeni tərkibi ilə iclas iştirakçılarını tanış etdi və qeyd etdi ki, bu iclas Elmi Şuranın yeni tərkibi ilə keçirilən ilk iclası, 2025/2026-cı tədris ilində isə keçirilən növbəti iclasıdır. Sonra prof. Y.Aliyev ötən Elmi Şuradan keçən dövr ərzində baş verən yeniliklərlə bağlı çıxış edərək qeyd etdi ki, filial artıq əməli fəaliyyəti ilə sözünü deməyi bacarır, nəinki regionda və respublikada, beynəlxalq aləmdə də tanınır. Sonra filialda Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji və ədəbi fəaliyyətinə həsr olunmuş “Qəlbi azərbaycanlı, Qərbi azərbaycanlı!” mövzusunda təntənəli ədəbi-bədii gecə ilə bağlı tədbirdən, keçirilən çox saylı beynəlxalq elmi konfranslardan, filialın xarici universitetlərlə əlaqələrindən, beynəlxalq konfranslarda uğurla iştirakından bəhs edərək bütün işləri uğurlu bir komanda şəklində arxada qoyulduğunu vurğulayıb. Professor Yusif Alıyev qeyd edib ki, cari tədris ilində filialda həm də yeni strukturlar açılmışdır, bunlardan biri Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsi olmuşdur. Bu şöbəyə filialın əməkdaşı Dünya Əhədova, şöbənin baş mütəxəssisi ştatına isə Murad Fərhadoğlu təyin edilmişdir. Şöbənin tərkibində həmçinin Peşəkar İnkişaf Mərkəzi də fəaliyyətə başlamışdır. Direktor çıxışında son bir il ərzində Quba filialının beynəlxalq əməkdaşlığının sürətlə inkişafını və xarici nümayəndə heyəti üçün keçirilən peşəkar təlimləri nəzərə alaraq şöbə müdiri Dünya Əhədovaya təşəkkür etmiş, bu istiqamətdə görülən işləri yüksək dəyərləndirmişdir.
Daha sonra filialın kafedra müdiri s.ü.f.d Sabir (Şahtaxtı) Hacıyevin yenicə çapdan çıxmış “Duman çəkiləndə” adlı möhtəşəm əsərini təqdim edən direktor, onu bu münasibətlə təbrik etmiş, əsərin elmi, tarixi və mənəvi əhəmiyyətini xüsusi vurğulamışdır.
Direktor əməkdaşları diqqətdə saxladığını da vurğulayaraq, filialın Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayevi anadan olmasının 45 illik yubileyi münasibətilə təbrik etmiş, ona filialda çəkdiyi zəhmət və sərgilədiyi peşəkarlığa görə rəhbərliyin və kollektivin hörmətini qazandığını,bununla da kadr seçimində etimadı doğrultduğunu bildirmişdir.
Tədris ili müddətində Filialda çalışan akademik məsləhətçilər-tyutorların fərdi bilik və bacarıqlarının təkmilləşdirilməsi,işin səmərəliyinin artırılması məqsədilə görülən işlərdən də bəhs edən direktor öz tapşırıq və tövsiyələrini vermiş, həmçinin professor-müəllim heyətinin əmək haqlarının diferensiallaşması,ictimai fəallığın artırılması və kafedraların fəaliyyətinin stimullaşdırılması istiqamətində də qeydlərini diqqətə çatdırmışdır.
Elmi şuranın gündəliyində duran birinci məsələ Tədris şöbəsinin fəaliyyəti haqqında Tədris şöbəsini müdiri b/m.Mələk Bağırova ətraflı məlumat vermiş, qüvvədə olan tədris planlarının vəziyyəti, yeni açılacaq ixtisaslarla bağlı çıxış etmişdir.
İkinci məsələ ilə bağlı çıxış edən fakültə dekanı Nübar Bayramova da filialın professor-müəllim heyətinin əzmlə çalışdığını, tədris prosesində mövcud problemlərin aradan qaldırılması üçün addımların atıldığını, həmçinin tələbələrin dərslərə davamiyyəti ilə bağlı ciddi çətinliklərin olmadığını qeyd etdi.
Cari məsələlərdə isə KTŞ-nın müdürü p.ü.f.d Pərvanə Rzayeva qəbul edilən bir neçə mühüm sənəd haqqında məlumat verdi və bildirdi ki, artıq bu aydan yenidən müvafiq qaydaya uyğun dərsdinləmələr həyata keçiriləcək. İclasda Keyfiyyətin təminatı şöbəsinin müdiri, p.f.d. Pərvanə Rzayeva tərəfindən təqdim olunan yenilənmiş “Keyfiyyət siyasəti”, “Cəmiyyətə xidmət və sosial töhfə siyasəti” sənədləri, eləcə də tədris prosesinin monitorinqi üçün hazırlanmış yeni “Tədrisin keyfiyyətinin qiymətləndirilməsi meyarları” xüsusi diqqət mərkəzində olub.
Sonda qarşıda duran növbəti vəzifələrlə bağlı müvafiq tapşırıq və tövsiyələr verildi.



