10-11 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən görkəmli torpaqşünas alim, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılovun anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Xəzər hövzəsi: ekocoğrafi problemlər və davamlı inkişaf” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransın açılış mərasimində öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə açan c.e.d., dosent Zaur İmrani konfransın əhəmiyyətindən və qlobal ekoloji çağırışların elmi həlli yollarından bəhs etmişdir
Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan və digər ölkələrin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin iştirak etdiyi beynəlxalq tədbirdə geniş məruzələr dinlənilmişdir.
Konfransın rəsmi hissəsində geniş və məzmunlu məruzə ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, f.e.d., professor Yusif Alıyev yubilyar alim Amin İsmayılovun Azərbaycan elminə verdiyi misilsiz töhfələrdən bəhs edərək, Xəzər hövzəsinin müasir ekoloji vəziyyətinə regional kontekstdə toxunmuşdur:
”Bu gün qlobal iqlim dəyişiklikləri və antropogen təsirlər fonunda Xəzər dənizinin səviyyə tərəddüdləri, su ehtiyatlarının idarə olunması və biomüxtəlifliyin qorunması təkcə bir ölkənin deyil, bütün region dövlətlərinin və elmi ictimaiyyətin vahid platformadan çıxış etməsini zəruri edir. Coğrafi və ekoloji tədqiqatların regional inkişaf proqramlarına inteqrasiyası davamlı gələcəyin təminatıdır. Biz pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisəsi olaraq, gənc nəslin ekoloji maarifləndirilməsi, regionlarımızda STEAM layihəli və innovativ tədris metodologiyalarının tətbiqi, eləcə də tələbələrimizdə coğrafi mühitə və təbiətə qarşı məsuliyyətli yanaşmanın formalaşdırılması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu baxımdan, görkəmli alim Amin İsmayılovun torpaqşünaslıq və coğrafiya elminin inkişafındakı fundamental irsi həm tədqiqatçılarımız, həm də gənc pedaqoqlarımız üçün əvəzolunmaz bir mənbədir.”deyə professor Yusif Alıyev çıxışını yekunlaşdırıb.
Konfrans çərçivəsində həmçinin Akademik İradə Hüseynova (AMEA), c.e.d., professor Şövqi Göyçaylı (BDU), c.e.d., dosent Mirnuh İsmayılov (Coğrafiya İnstitutu), c.e.d., dosent Səid Səfərov (Coğrafiya İnstitutu), b.ü.f.d., dosent Tünzalə İsgəndərova (GDU) və a.e.d., professor Amin İsmayılovun özü geniş elmi məruzələrlə çıxış etmişlər.




