22 may 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, MÜSİAD Azərbaycan, TECHERA, Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və texnologiya həyatı üçün böyük əhəmiyyət kəsb edən “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” və “REGİONAL EXPO QUBA 2026” sərgisi uğurla keçirilmişdir. Qızıl Sponsorlar – Rabitəbank ASC və Prometech, həmçinin Gümüş Sponsor – Cardinalia Septem Group şirkətinin dəstəyi ilə baş tutan bu möhtəşəm layihə regionda fəaliyyət göstərən biznes, innovasiya, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarını vahid platformada bir araya gətirmişdir.
Günün ilk yarısında tədbir iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilmiş, regionlarda sahibkarlığın inkişafı, rəqəmsallaşma prosesinin genişləndirilməsi və innovativ layihələrin dəstəklənməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Daha sonra Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində sammitin və sərginin rəsmi açılış mərasimi baş tutmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba RİH-nin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatçı qurumların nümayəndələri, dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, maliyyə institutları, akademik dairələr, diplomatik korpus təmsilçiləri, investorlar, startaplar və rayon ictimaiyyəti iştirak etmişlər.
Rəsmi açılış hissəsində çıxış edən TECHERA şirkətinin direktoru Ramil İsmayılov REGİONAL EXPO layihəsinin məqsədi və strateji əhəmiyyəti barədə məlumat verərək, bu cür tədbirlərin yerli sahibkarlığın inkişafına və investisiyaların cəlb edilməsinə mühüm töhfə verdiyini vurğulamışdır. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Qubanın turizm, aqrar sektor və investisiya imkanları baxımından ölkənin ən perspektivli regionlarından biri olduğunu diqqətə çatdırmışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından, sahibkarlığın genişləndirilməsinin ölkənin dayanıqlı iqtisadi inkişafındakı rolundan və gənclərin məşğulluq imkanlarının artırılmasının vacibliyindən danışmışlar.
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət üzrə Baş Müşaviri Gülizar Yavaş iki qardaş ölkə arasındakı iqtisadi əməkdaşlıq perspektivlərinə toxunaraq, bu layihənin gələcəkdə beynəlxalq biznes platformasına çevriləcəyinə inandığını bildirmişdir. QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov və MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan sahibkarların vahid platformada bir araya gəlməsinin biznes əlaqələrinə verdiyi töhfələri qeyd etmiş, regionlarda yeni tərəfdaşlıq imkanlarının formalaşdığını vurğulamışlar. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev əmək bazarının inkişafı proqramları, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev isə universitet-sənaye əməkdaşlığının və kadr hazırlığının əhəmiyyətini qeyd etmişlər. Həmçinin, Rabitəbank ASC-nin İdarə Heyəti sədrinin müavini Orhan Gültekin sahibkarlığın maliyyələşdirilməsi və bankın regionlar üçün təqdim etdiyi maliyyə həlləri, Prometech şirkətinin direktoru Elçin Nağıyev isə rəqəmsal transformasiyanın və texnologiya əsaslı həllərin müəssisələrin rəqabət qabiliyyətinə təsiri barədə çıxış etmişlər.
Qeyd edək ki, filialın Tələbə məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev bu sərgidə yüksək səviyyəli təşkilatçılığına görə Təşəkkürnamə ilə təltif edilmişdir.
Rəsmi hissədən sonra protokol heyəti sərgi zonasını ziyarət edərək buradakı stendlərlə yaxından tanış olmuşdur. Sərgidə Quba və ətraf rayonlarda fəaliyyət göstərən 130 müəssisə və təşkilat öz yenilikçi layihələrini, texnoloji yeniliklərini və yerli məhsullarını təqdim etmişdir. Gün ərzində təxminən 10.000 nəfər tərəfindən ziyarət edilən sərgi böyük maraqla qarşılanmış və yeni biznes əlaqələrinin qurulmasına zəmin yaratmışdır. Tədbir çərçivəsində regional investisiya potensialının dəyərləndirilməsi məqsədilə Quba RİH başçısı İlqar Mahmudov ilə investorlar arasında B2G (Business to Government) formatında mühüm görüş keçirilmişdir. Paralel olaraq, Qızıl Sponsor Rabitəbank ASC tərəfindən sahibkarlarla xüsusi görüş təşkil olunaraq biznes kreditləri və maliyyə alətləri barədə ətraflı məlumat təqdim edilmişdir.
Regionlarda biznes mühitinin inkişafına, rəqəmsal transformasiyanın təşviqinə və investisiyaların cəlb edilməsinə mühüm töhfə verən bu sammit və sərginin sonunda təşkilatçılar dəstək göstərən bütün dövlət qurumlarına, sponsorlara, iştirakçılara və ziyarətçilərə dərin təşəkkürlərini bildirmişlər. REGİONAL EXPO layihəsinin növbəti mərhələsi olaraq, daha geniş auditoriyanı əhatə edəcək “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisinin 2026-cı ilin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.























