ADPU-nun Quba filialında zəngin elmi-pedaqoji ənənələrin davamı olaraq, tələbələrin nəzəri biliklərinin praktikada möhkəmləndirilməsi məqsədilə növbəti maarifləndirici tədbir keçirilib. Ümumdünya Ətraf Mühitin Mühafizəsi (Ekologiya) Günü münasibətilə filialın “Coğrafiya müəllimliyi” ixtisasının tələbələri Şahdağ Milli Parkına çöl-təcrübə ekskursiyasına yollanıblar.
Tələbə, məzun və karyera şöbəsinin baş mütəxəssisi Səadət Baxışovanın rəhbərliyi ilə təşkil olunan ekskursiyada gələcək coğrafiya müəllimləri regionun bənzərsiz təbii-coğrafi xüsusiyyətlərini yaxından öyrəniblər. Milli Parkın böyük elmi işçisi Şahbala Salmanov tələbələrə ərazinin zəngin biomüxtəlifliyi, dağ-landşaft kompleksləri, flora və fauna aləmi barədə ətraflı məlumat verib, ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Filialın 35 illik fəaliyyəti dövründə formalaşan təcrübəyə əsaslanan bu layihə tələbələrin ekoloji dünyagörüşünün və analitik düşüncəsinin inkişafında, həmçinin gələcək pedaqoji fəaliyyətlərində mühüm rol oynayır. Gənc tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanan ekskursiya, kollektiv fəaliyyət və elmi yanaşma vərdişlərinin aşılanması baxımından uğurlu bir addım olub.

