Yubiley proqramı çərçivəsində filialın əməkdaşları və “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Şahdağ Milli Parkı ərazisinə növbəti çöl-təcrübə ekskursiyası təşkil olunmuşdur.
Filialın 35 illik fəaliyyəti dövründə formalaşdırdığı zəngin elmi-pedaqoji ənənələrin davamı kimi təşkil edilən bu ekskursiya tələbələrin nəzəri biliklərinin praktik fəaliyyət vasitəsilə möhkəmləndirilməsi, təbii ekosistemlərin öyrənilməsi və ekoloji dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşımışdır.
Təcrübə zamanı tələbələr Şahdağ Milli Parkının zəngin biomüxtəlifliyi, flora və fauna aləmi, dağ-landşaft kompleksləri, eləcə də regionun özünəməxsus təbii-coğrafi xüsusiyyətləri ilə yaxından tanış olmuşlar. Çöl müşahidələri əsasında ekosistemlərin funksional xüsusiyyətləri, təbii resursların qorunması və ətraf mühitin mühafizəsinin əhəmiyyəti barədə Şahdağ Milli Parkının böyük elmi işçisi Şahbala Salmanov tərəfindən ətraflı məlumat verilmişdir.
Ekskursiya çərçivəsində tələbələr ekoloji tarazlığın qorunması, davamlı inkişaf prinsipləri və insan-təbiət münasibətləri ilə bağlı mühüm praktik biliklər əldə etmiş, müşahidə və tədqiqat bacarıqlarını inkişaf etdirmək imkanı qazanmışlar. Xüsusilə vurğulanmışdır ki, bu kimi çöl-təcrübələri tələbələrdə analitik düşüncə, elmi yanaşma, kollektiv fəaliyyət və peşəkar tədqiqat vərdişlərinin formalaşmasında mühüm rol oynayır.
Ümumilikdə belə maarifləndirici və praktiki yönümlü tədbirlər ali təhsil müəssisəsinin elm, təhsil və ekoloji maarifləndirmə sahəsindəki fəaliyyətinin mühüm göstəricilərindən biridir. Tələbələr tərəfindən böyük maraqla qarşılanan ekskursiya onların gələcək pedaqoji fəaliyyətində praktik bilik və bacarıqlarının zənginləşdirilməsinə əhəmiyyətli töhfə vermişdir.









