Quba filialının əməkdaşları beynəlxalq elmi konqresdə Azərbaycanı uğurla təmsil ediblər

19.06.2026
Quba filialının əməkdaşları beynəlxalq elmi konqresdə Azərbaycanı uğurla təmsil ediblər

ADPU-nun Quba filialının əməkdaşları Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində keçirilən “12th International EMI Entrepreneurship & Social Sciences Congress” adlı beynəlxalq elmi konqresdə iştirak ediblər.

10–12 iyun 2026-cı il tarixlərində təşkil olunan konqresdə ADPU-nun Quba filialını Tədris və elmi işlər üzrə direktor müavini, p.f.d. Pərvanə Rzayeva, Ümumi fənlər və təbiət elmləri kafedrasının müdiri, p.f.d. Lətifə Cəlilova və Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Lalə Beydullayeva təmsil ediblər.

Konqres proqramına əsasən, 10 iyun 2026-cı il tarixində keçirilən “Türk Dünyası və Girişimcilik / Turkic World and Entrepreneurship” adlı üzbəüz elmi sessiyada p.f.d. Pərvanə Rzayeva moderator qismində iştirak edib. O, sessiyanın elmi müzakirələrinin səmərəli təşkili və məruzələrin təqdimat ardıcıllığının idarə olunmasında fəal rol oynayıb.

Beynəlxalq konqresdə filial əməkdaşları aktual elmi mövzular üzrə məruzələrlə çıxış ediblər.

P. f. d. Pərvanə Rzayeva “Ali təhsildə tələbə sorğularının nəzəri-konseptual əsasları və keyfiyyətin təminatında rolu” mövzusunda məruzə təqdim edərək ali təhsil müəssisələrində tələbə sorğularının əhəmiyyətindən, keyfiyyət təminatı sistemində rolundan və təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib.

P. f. d. Lətifə Cəlilova “Uşağın tərbiyəsində valideynin rolu və valideynləri düzgün tərbiyəçi kimi yetişdirməkdə təhsil müəssisələrinin görəcəyi işlər” mövzusunda çıxış edərək ailə-məktəb əməkdaşlığının əhəmiyyətini, valideynlərin pedaqoji maarifləndirilməsinin vacibliyini və uşaqların hərtərəfli inkişafında təhsil müəssisələrinin rolunu diqqətə çatdırıb.

Lalə Beydullayeva isə “Azərbaycan təhsilində qloballaşma və milli kimliyin pedaqoji balansı” adlı məruzəsində qloballaşma proseslərinin təhsil sisteminə təsirini, milli-mənəvi dəyərlərin qorunmasını və müasir təhsil yanaşmaları ilə milli kimlik arasında pedaqoji balansın təmin olunması məsələlərini elmi aspektdən təhlil edib.

Konqres çərçivəsində müxtəlif ölkələrdən olan alim və tədqiqatçılarla elmi fikir mübadiləsi aparılıb, beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. ADPU-nun Quba filialının əməkdaşlarının beynəlxalq tədbirdə iştirakı filialın elmi potensialının beynəlxalq səviyyədə təqdim olunmasına, akademik əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına mühüm töhfə verib.

Qeyd edək ki, beynəlxalq konqresdə 27 ölkədən, 131 müəssisəni təmsil edən 285 akademik iştirak etmiş, ümumilikdə 225 elmi məruzə təqdim olunmuşdur. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

ADPU-nun Quba filialının əməkdaşları beynəlxalq elmi konqresdə iştiraklarının təmin olunmasına, elmi fəaliyyətlərinin dəstəklənməsinə və beynəlxalq akademik mühitdə təmsilçilik imkanlarının yaradılmasına görə filialın direktoru, professor Yusif Alıyevə minnətdarlıqlarını bildirirlər. Filialda elmi-tədqiqat fəaliyyətinə göstərilən diqqət və qayğı əməkdaşların beynəlxalq akademik mühitə inteqrasiyasına, yeni elmi əməkdaşlıqların qurulmasına və təhsil sahəsində innovativ təcrübələrin mənimsənilməsinə əlverişli şərait yaradır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?