ADPU-nun Quba filialında elmi-pedaqoji heyətin peşəkar inkişafı, əməkdaşların elmi potensialının artırılması və onların beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirakı hər zaman diqqət mərkəzində saxlanılır. Filialın elmi uğurlarının və professor-müəllim heyətinin fəaliyyət coğrafiyasının genişlənməsi istiqamətində növbəti addım atılmışdır.
Şuşa şəhərində 4-6 iyul tarixlərində keçirilən “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar” adlı beynəlxalq elmi konfransda ADPU Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev iştirak etmişdir.
Mədəniyyət paytaxtımızda baş tutan bu mötəbər tədbirdə filialımızın əməkdaşı həm elmi müzakirələrə öz töhfəsini vermiş, həm də müasir çağırışlar fonunda aparılan tədqiqatlarla yaxından tanış olmuşdur.
Əməkdaşlarımızın bu cür yüksək səviyyəli elmi platformalarda təmsil olunması, filialımızda elmi mühitin daha da canlanmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Mürvət müəllimi filialımızın rəhbərliyi və kollektivi adından təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.



