Quba filialının əməkdaşı Quba Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar keçirilən tədbirdə çıxış edib

17.04.2026
Quba filialının əməkdaşı Quba Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar keçirilən tədbirdə çıxış edib

16 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Quba Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Quba rayonunun tarix və mədəniyyət abidələri: milli irsin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirilib. Tədbir Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyət İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə baş tutub.

İlk öncə Mərkəzin əməkdaşları tərəfindən “Şəhərsalma və Memarlıq ili” çərçivəsində hazırlanmış Quba Rayon İcra Hakimiyyəti, Quba Heydər Əliyev Mərkəzi, Quba Gənclər Mərkəzi, Bayraq Muzeyinin maketlərindən, eləcə də rəsm dərnəyinin üzvlərinin rəsmlərdən ibarət hazırlanmış sərgiyə tamaşa edilib. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Quba şəhərinin müasir memarlıq inkişafını əks etdirən nümunələr kimi yüksək qiymətləndirilib.

Daha sonra tədbirin rəsmi hissəsi başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Quba Rayon İcra Hakimiyyəti Başçısı aparatının memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi, sektor müdirinin səlahiyyətlərini müvəqqəti icra edən Murad Qədirli, Quba Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai –siyasi humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar elmlər kafedrasının müdiri, baş müəllim Təhminə Əliyeva tərəfindən edilən çıxışlarda Quba rayonunun zəngin tarixi, qədim memarlıq abidələri, milli-mədəni irsin qorunmasının vacibliyi və bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.

Tədbirin davamında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçisi Anar İbrahimov tərəfindən mövzu ilə bağlı hazırlanmış geniş slayd təqdimatı nümayiş etdirilib. Slaydlarda Quba rayonunun tarixi abidələri, memarlıq nümunələri və onların tarixi əhəmiyyəti vizual şəkildə iştirakçılara çatdırılıb. Daha sonra Quba Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qubanın memarlıq abidələrinə həsr olunmuş videoçarx təqdim olunub ki, bu da tədbir iştirakçılarında xüsusi maraq və rəğbət doğurub.

Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyi vurğulanıb.

Belə tədbirlər milli irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?