4 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Kiçik akt zalında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi: Müzəffər xalqın qüruru, qalib dövlətin əzəməti” mövzusunda təntənəli tədbir keçirilib.
Tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardından Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş azadlıq fədailərimizin, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev geniş məruzə ilə çıxış edib. Professor Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli qurtuluşdan başlayan və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, nəyi nə zaman edəcəyini bilən liderlik fəaliyyətinin nəticəsində Zəfərə aparan şanlı yoldan ətraflı söhbət açıb. O, 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlığı, qazilərimizin şücaətini və Zəfər Gününün dövlətçilik tariximizdəki müstəsna yerini vurğulayıb. Rəhbər qeyd edib ki, Azərbaycan xalqının sarsılmaz birliyi və dövlətimizin qüdrəti sayəsində ölkəmiz yeni-yeni uca zirvələrə imza atacaq, Vətənimizin hər bir guşəsində qürurla ucaldılan üçrəngli bayrağımız daim əzəmətlə dalğalanacaqdır.
Daha sonra çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi, Tabor komandirinin müavini kapitan Aqil Məlikovun həyat yoldaşı Günəl Məlikova duyğulu və qürurverici nitq söyləyib. O bildirib ki, qəhrəman əsgər və zabitlərimiz düşmənin illərlə qurduğu mühəndis-istehkam sistemlərini yararaq böyük rəşadət göstərmiş, torpaqlarımız şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına azad edilmişdir. Biz bütün Azərbaycan xalqı kimi öz qəhrəman övladlarımızla sonsuz fəxr edirik ki, onlar başımızı uca etdilər və bu gün biz burada məhz onların sayəsində alnıaçıq, qürurla konuşmaq haqqına sahibik.
Tədbirdə şəhid Mirzəyev Nuran Akif oğlunun atası Akif Mirzəyev geniş və təsirli çıxış edib. O, övladı Nuranın uşaqlıq illərindən Vətənə olan bağlılığından, hərbi xidmət dövründə göstərdiyi intizam və fədakarlıqdan, Vətən müharibəsi başlayarkən ön cəbhəyə necə böyük həvəs və qürurla yollanmasından bəhs edib. Akif Mirzəyev bildirib ki, bir ata üçün övlad itkisi ağır olsa da, Nuranın və onun cəsarətli döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmələri onlar üçün sonsuz bir qürur mənbəyidir. Şəhid atası çıxışında vurğulayıb ki, bu gün torpaqlarımız azaddırsa, bayrağımız Şuşada, Xankəndidə və bütün Qarabağda əzəmətlə dalğalanırsa, bu, məhz qəhrəman övladlarımızın qanı və canı bahasına mümkün olub. O, filial rəhbərliyinə, şəxsən professor Yusif Alıyevə və bütün kollektivə şəhidlərin xatirəsini hər zaman uca tutduqlarına, şəhid ailələrinə göstərilən diqqət, samimi qayğı və yüksək mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirib.
Tədbirdə şəhid Miqdad Abduləlimovun Faiq Abduləlimov çıxış edərək şəhid atası olmağın həm böyük bir kədər, həm də sonsuz bir qürur hissəsi olduğunu vurğulayıb, qəhrəmanlarımızın xatirəsinin daim yaşadılacağını diqqətə çatdırıb.
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin şimal regionu üzrə sədri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan xüsusi təyinatlı Ramin Yunusov (Yunuslu) çıxışında Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən 8 Noyabrın Azərbaycanda Zəfər Günü kimi təsis edildiyini xatırladıb. O, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq başlayan və “Dəmir yumruq” adı ilə tarixə düşən əks-hücum əməliyyatının 44 gün ərzində otuzillik işğala son qoyması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Quba Rayon Şöbəsinin sədri, Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov da öz növbəsində Zəfər ordusunun keçdiyi şərəfli döyüş yolundan və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıb.
Tədbirin rəsmi hissəsində filial rəhbərliyi tərəfindən tədbirdə iştirak edən şəhid analarına və ailə üzvlərinə dərin ehtiramın rəmzi olaraq gül dəstələri təqdim olunub. Eyni zamanda Vətən müharibəsində böyük şücaət göstərmiş qazilərimiz İsmət Əhmədov, Vurğun Qəniyev, Ramin Yunuslu, Ruslan Bədirov filialın Fəxri Fərmanı ilə təltif ediliblər.
Tədbir çərçivəsində Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Zəfərə həsr olunmuş geniş kitab sərgisi və filial tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.
Bədii hissədə filialın IV tədris ili tələbəsi Günəş İsgəndərov tərəfindən Mahirə Nağıqızının “Vətəndir” şeiri, tələbələr Sevda Müslümova və Aysel Həkimova tərəfindən Xəlil Rza Ulutürkün şeirləri böyük şövq və coşqu ilə səsləndirilib.
Tədbirin sonunda iştirakçılar şəhid Mirzəyev Nuran Akif oğlunun adını daşıyan Xarici dil auditoriyasını ziyarət ediblər. Ziyarət zamanı şəhid Nuran Mirzəyevin auditoriyada yerləşən büstü önünə tər çiçəklər düzülüb, qəhrəmanın ruhuna dərin ehtiram göstərilib.
Şəhid auditoriyasında çıxış edən filialın direktoru, professor Yusif Alıyev tələbələri salamlayaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Bu gün yaşadığımız Zəfər sevinci üçün canından keçən Nuran Mirzəyev kimi şəhidlərimizə borcluyuq və onların xatirəsini uca tutmaq hər birimizin mənəvi borcudur.
Şəhid atası Akif Mirzəyev auditoriyada da duyğulu fikir və xatirələrini bölüşərək belə bir memorial auditoriyanın yaradılmasına görə bir daha təşəkkürünü bildirib: “Övladım Nuranın adının burada, gələcək müəllimlərin yetişdiyi bir ali təhsil ocağında yaşadılması bizim üçün böyük təsəlli və fəxrdir. Nuran cəbhəyə yollananda məhz Vətənin azadlığı, gələcək nəsillərin sülh və əmin-amanlıq içində yaşaması üçün mübarizəyə qoşuldu. Bu auditoriyada dərs keçən hər bir tələbə şəhidlərimizin hansı fədakarlıqlar bahasına bu Zəfəri qazandığını hiss edəcək. Göstərilən bu böyük diqqət və qayğıya görə filial rəhbərliyinə şəxsən öz adımdan və ailəmiz adından minnətdaram.”
Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva da auditoriyada çıxış edərək şəhidlərimizin əziz xatirəsinin filialda daim uca tutulduğunu vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

























