Quba filialında yazıçı – publisist Əkrəm Qaflanoğlunun 75 illik yubileyi qeyd olunub.

05.10.2026
Quba filialında yazıçı – publisist Əkrəm Qaflanoğlunun 75 illik yubileyi qeyd olunub.

2 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında (ADPU) yazıçı, publisist, sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ictimai xadim, “Qızıl Kəlmə” mükafatı laureatı Əkrəm Qaflanoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, elm, təhsil, mədəniyyət, ədəbiyyat, incəsənət və ictimai həyatın müxtəlif sahələrini təmsil edən ziyalılar, dövlət qurumlarının nümayəndələri, yaradıcı şəxslər, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Əkrəm Qaflanoğlunun həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Yubiley tədbirinin açılış nitqi ilə ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxış edib. Professor Yusif Alıyev Əkrəm Qaflanoğlunu 75 illik yubileyi münasibətilə təbrik edərək, onun uzun illər ərzində ədəbiyyat, publisistika, sənətşünaslıq və milli-mədəni dəyərlərin təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib. O, yubilyarın yaradıcılıq irsinin gənc nəslin milli-mənəvi dünyagörüşünün formalaşmasında əhəmiyyətini vurğulayıb və Əkrəm Qaflanoğluna möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni əsərlər arzulayıb.

Çıxışının sonunda ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə professor Yusif Alıyev tərəfindən yazıçı – publisist Əkrəm Qaflanoğlu Fəxri Fərmanla təltif olunub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun yubilyara ünvanladığı təbrik məktubu Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova tərəfindən oxunub. Təbrik məktubunda Əkrəm Qaflanoğlunun Qubanın ictimai-mədəni həyatında, ədəbiyyat və sənət mühitində çoxillik fəaliyyəti yüksək qiymətləndirilib.

Yubilyara Quba Rayon İcra Hakimiyyəti adından çiçək dəstəsi və simvolik hədiyyə təqdim olunub.

Tədbirin gedişatında Millət vəkili Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyev tərəfindən yubilyara ünvanlanmış təbrik məktubu səsləndirib.

Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən tədbirdə əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar Mədəniyyət işçisi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin sədri ədəbi tənqidçi Əsəd Cahangir, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylı, əməkdar dövlət qulluqçusu, ikinci dərəcəli dövlət müşaviri İsrafil Qurbanov, Azərbaycan Memarlar İttifaqının üzvü, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Fəxri Aydəmir, musiqişünas, tanınmış gitara ifaçısı Rəhman Məmmədli, birinci Qarbağ qazisi Məhəmməd Dostuyev, Mədəniyyət işçisi Mirbadət Abbasov, şair, əməkdar müəllim, Prezident təqaüdçüsü Nəcməddin Mürvətov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu

və digər qonaqlar çıxış ediblər.

Tədbirin xüsusi məqamlarından biri də Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin valideynlərinin çıxışı olub. Niftəliyevlər ailəsi adından Şəhidimizin valideynləri – Xalidə Niftəliyeva və Söhrab Niftəliyev tərəfindən Əkrəm Qaflanoğluna xoş sözlər ünvanlanıb, onun milli-mənəvi dəyərlərə, Vətən və şəhidlik mövzusuna göstərdiyi həssas münasibət yüksək qiymətləndirilib. Şəhid ailəsi tərəfindən yubilyara Fəxri Fərman təqdim olunub.

Yubiley tədbirində ADPU-nun Quba filialının tələbələrinin ifasında Əkrəm Qaflanoğlunun yaradıcılığına həsr olunmuş şeirlər səsləndirilib, tanınmış şəxsiyyətlərin yubilyar haqqında söylədikləri fikirlər tədbir iştirakçılarına təqdim olunub.

Çoxsaylı çıxışlarda Əkrəm Qaflanoğlunun ədəbiyyat, publisistika, sənətşünaslıq, muğam sənətinin tədqiqi və təbliği, milli-mədəni irsin qorunması və ictimai-mədəni proseslərdə iştirakı xüsusi vurğulanıb. Bildirilib ki, onun yaradıcılıq fəaliyyəti müxtəlif nəsillər arasında mənəvi-mədəni körpünün formalaşmasına xidmət edən istiqamətləri ilə seçilir.

Tədbir boyu yubilyara ünvanlanan səmimi təbriklər, xatirələr və xoş arzular Əkrəm Qaflanoğlunun 75 illik yubileyinin yalnız bir yaradıcının ömür yolunun deyil, həm də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və ictimai fikir mühitinə həsr olunmuş çoxillik fəaliyyətin ehtiramla dəyərləndirilməsi olduğunu nümayiş etdirib.

Sonda yubilyarın iştirakı ilə xatirə fotosu çəkdirilib.

Tədbir çay süfrəsi ətrafında davam etdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?