Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans çərçivəsində Xocalı soyqırımına həsr olunmuş “Xocalı nişanəsi” adlı sənədli film nümayiş etdirilib.
Tədbir filialın Özbəkistan-Azərbaycan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində, Azərbaycan dili və ədəbiyyatı ixtisasının II tədris ili tələbəsi Şəhanə Hüseynovanın moderatorluğu ilə keçirilib.
Konfransı açılış nitqi ilə filialın direktoru, Qabaqcıl təhsil İşçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev açaraq iştirakçıları salamlayıb. O, çıxışında Xocalı qətliamının tarixi-siyasi aspektlərinə toxunaraq, XX əsrin ən dəhşətli faciələrindən biri kimi yadda qalan bu soyqırımın xalqımızın taleyində dərin iz buraxdığını bildirib. Prof. Y. Alıyev qeyd edib ki, Xocalıda elə bir ailə olmayıb ki, itki verməsin; 613 nəfər amansızlıqla qətlə yetirilib, minlərlə əsir götürülüb, 8 ailə isə tamamilə məhv edilib.
Professor Y. Alıyev tarix boyu baş vermiş soyqırımı faktlarına nəzər salaraq, Xocalı faciəsinə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymətin verilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları ardıcıl şəkildə davam etdirilir, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir.
Çıxışda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edərək deyib ki, həmin döyüşlərdə iştirak edən gənclər Xocalı soyqırımı baş verən zaman hələ dünyaya gəlməmiş olsalar da, milli yaddaşın qorunması və ədalətin bərpası uğrunda böyük fədakarlıq nümayiş etdiriblər. Filialımızda hər zaman ehtiramla anılan Şəhid qəhrəmanlardan, xüsusilə 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən olan kapitan Aqil Məlikovdan bəhs edib.
Professor konfrans iştirakçılarına Fərrux yüksəkliyi uğrunda gedən döyüşləri xatırladıb, həmin ərazilərdə aşkar edilmiş kütləvi məzarlıq faktlarının zaman-zaman baş vermiş qətliamların acı izlərini bir daha təsdiqlədiyi diqqətə çatdırılıb. Eyni zamanda, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən tədbirlər xüsusi vurğulayıb.
Daha sonra çıxış üçün söz filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovaya və Humanitar elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyevaya verilib. Natiqlər çıxışlarında Xocalı soyqırımının tarixi faktlara əsaslanan elmi araşdırmalarından, beynəlxalq hüquq müstəvisində bu faciəyə obyektiv qiymət verilməsinin vacibliyindən, eləcə də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin bədii hissəsində filialın tələbəsi Əli Daşdəmirovun ifasında özünün qələmə aldığı “Xocalı faciəsi” şeiri və Həbibət Quliyevanın ifasında şair Zəlimxan Yaqubun ” Xocalım ay Xocalım” adlı şeiri səsləndirilib. Bədii kompozisiyalar iştirakçılar tərəfindən dərin emosional təsir və ehtiramla qarşılanıb.
Konfransın sonunda vurğulanıb ki, Xocalı Soyqırımının tarixi həqiqətlərinin araşdırılması, beynəlxalq ictimaiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsi milli yaddaşın qorunması və dövlətçilik mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.











