Quba filialında Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova tərəfindən uşaq nitqinin inkişafına dair innovativ seminar keçirilib.

25.11.2025
Quba filialında Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova tərəfindən uşaq nitqinin inkişafına dair innovativ seminar keçirilib.

ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzi və Özbəkistan təhsil heyətinin birgə təşkilatçılığı ilə “İnklüziv təhsil və STEAM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” proqramı çərçivəsində növbəti təlim-seminar baş tutub. Bu dəfə iştirakçılar üçün “Uşaq nitqinin inkişafında müasir və qeyri-adi yanaşmalar” mövzusunda praktik yönümlü seminar təqdim edilib. Tədbirdə giriş nitqi ilə çıxış edən filialın direktoru professor Yusif Alıyev əməkdaşlığa görə Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırovaya xüsusi təşəkkür ünvanlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının akt zalında yüksək texniki şəraitdə və nəfis auditoriya tərtibatında təşkil olunan təlimi Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova və psixoloq Mənsur Xaspoladov birgə keçiriblər. Mütəxəssislər nitqin formalaşmasında nevroloji və psixoloji faktorlar barədə qısa məlumat verdikdən sonra, tətbiq etdikləri müasir metodları əyani şəkildə nümayiş etdiriblər. Bunun üçün onlar öz üzərində işlədikləri uşaqları və istifadə etdikləri neyrostimulyasiya aparatlarını da seminarda praktik tətbiq ediblər.

Təqdimat zamanı güzgü neyron aktivləşdirməsi, kinestetik nitq stimulyasiyası, “sound painting”, “whisper strategy”, həmçinin sağ və sol yarımkürənin eyni vaxtda işə salınmasına əsaslanan Dual Brain texnikası kimi innovativ yanaşmaların praktiki tətbiqi göstərilib. Uşaqlarla aparılan qısa məşğələlər seminar iştirakçılarının böyük marağına səbəb olub.

Təlim sonda sual-cavab sessiyası ilə davam etdirilib.

İştirakçılar müəllim və psixoloqlarla real təcrübə və metodu müzakirə etmək imkanı qazanıblar.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir Azərbaycan və Özbəkistan təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?