Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Gələcəyini birlikdə seçək” devizi altında valideynlər və abituriyentlər üçün ixtisas seçiminə həsr olunmuş genişmiqyaslı maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi gənclərin gələcək peşə seçimində düzgün istiqamətləndirilməsi, filialın təhsil imkanlarının təqdim olunması və valideynlərlə birbaşa dialoqun qurulması olub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Aliyev qonaqları, valideynləri və yeni qəbul mərhələsində olan abituriyentləri səmimi salamlayaraq onlara uğurlar arzulayıb.
Direktor çıxışında müasir dövrdə ixtisas seçiminin yalnız peşə deyil, bütövlükdə həyat yolunun müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, ADPU-nun Quba filialının son illərdə qazandığı uğurlardan, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən məzmun dəyişikliklərindən, maddi-texniki bazanın müasirləşdirilməsindən və tələbəyönümlü təhsil mühitinin formalaşdırılmasından ətraflı bəhs edib.
Professor Yusif Aliyev filialda yeni açılmış ixtisasların regionun əmək bazarının tələblərinə uyğun formalaşdırıldığını diqqətə çatdıraraq dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının ildən-ilə artmasını universitetə olan ictimai etimadın göstəricisi kimi qiymətləndirib. O, həmçinin filialın beynəlxalq əlaqələrinin genişlənməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, tələbələrin akademik və sosial inkişafı istiqamətində həyata keçirilən layihələr, eləcə də qarşıda duran perspektiv hədəflər barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək ADPU-nun Quba filialının region təhsilində oynadığı mühüm roldan, burada yaradılmış sağlam akademik mühitdən və gənclərin peşəkar kadr kimi yetişdirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Çıxış edənlər sırasında Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinin direktoru Mehparə Rüstəmova, İbrahim Şahmərdanov adına Qəcrəş kənd tam orta məktəbinin direktoru filialın məzunu Həbib Hacıyev, Əliheydər Rüstəmov adına Zizik kənd tam orta məktəbinin müəllimi Fəxriyyə Məsimova, Quba şəhəri Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbin müəllimi Rəna Vəliyeva, valideyn və filialın məzunu olmuş Aybəniz Qəhrəmanova, valideyn Ruslan Mütəllimov, repetitor-müəllim Yəmən Məmmədova, Quba Pozitiv Psixologiya Mərkəzinin əməkdaşı, filialın məzunu Nərmin İskəndərova, eləcə də mərkəzin meneceri Gövhər Əmirbəyova ADPU-nun Quba filialının fəaliyyətini yüksək qiymətləndirərək kollektivə uğurlar arzulayıblar. Natiqlər filialın regionun intellektual potensialının formalaşmasına verdiyi töhfələri xüsusi vurğulayaraq abituriyentləri doğru seçim etməyə çağırıblar.
Tədbirin ən yaddaqalan məqamlarından biri də filialı seçməyi planlaşdıran yüksək və müxtəlif nəticələr göstərmiş abituriyentlərlə açıq fikir mübadiləsinin aparılması olub. Məryəm Məmmədhüseynova (470 bal), Əsmər Abbasova (336 bal), Aysun Mütəllimova (150 bal), Zümrüd Mütəllimova (490 bal), Aliyə Günəşli (356 bal), Sona Həsənbəyova (552 bal), Zeynəb Əhmədova (309 bal), Könül Yarməmmədova (424 bal), Ləman Abbasova (250 bal), Mələk Bayramova (190 bal), Dərya Əmirova (300 bal), Gülay Balayeva (460 bal), Fidan Bilalova (540 bal) və Aytac Məmmədyarova (400 bal) çıxış edərək ixtisas seçimi ilə bağlı düşüncələrini bölüşüb, filialda təhsil almaq istəklərini ifadə edib, onları maraqlandıran suallara ətraflı cavablar alıblar.
Görüşün sonunda ADPU-nun Quba filialının Tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva, Humanitar və sosial məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova, şöbə müdiri Hikmət Musayev çıxış edərək gələcəyin tələbələri olacaq gəncləri təbrik edib, onlara düzgün seçim etməyi, yüksək akademik nailiyyətlər qazanmağı və ölkəmizin inkişafına layiqli mütəxəssis kimi töhfə verməyi arzulayıblar.
Səmimi müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş valideynlərin və abituriyentlərin böyük marağına səbəb olub. Tədbir iştirakçıları ADPU-nun Quba filialında yaradılmış müasir təhsil mühiti, geniş akademik imkanlar və perspektiv inkişaf strategiyası ilə yaxından tanış olmaq imkanı əldə edərək, gələcək təhsil seçimləri ilə bağlı dolğun məlumat əldə ediblər. Bu cür maarifləndirici görüşlərin keçirilməsi region gənclərinin düzgün peşə seçiminə istiqamətləndirilməsi və keyfiyyətli ali təhsilə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.













