Quba filialında vətənpərvərlik tədbiri keçirilib

22.05.2026
Quba filialında vətənpərvərlik tədbiri keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərdə vətənpərvərlik ruhunun artırılması məqsədilə “Mənim taleyimə yazılana bax” adlı geniş tərkibli tədbir keçirilmişdir.

​Tədbir, Milli Ordunun tarixində ilk qadın hərbi komandir, polis mayoru və şair Aidə Şirinovanın tələbələrlə görüşünə həsr olunmuşdur. Görüşdə Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aynur Yəhyayeva, ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, universitetin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Filialın baş müəllimi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aygün Şıxbabayevanın moderatorluğu ilə həyata keçirilən tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir.

​Giriş nitqi ilə çıxış edən filialın direktor müavini Aysel Şeydayeva tədbir iştirakçılarını salamlayaraq, filialın direktoru, Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevin xoş arzularını və salamlarını çatdırmış, bu cür görüşlərin filialda gənclərin milli-mənəvi inkişafına, onların vətənpərvər bir vətəndaş kimi formalaşmasına böyük töhfə verdiyini xüsusi vurğulamışdır.

​Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aynur Yəhyayeva rəhbərlik adından tədbir iştirakçılarını salamlayaraq, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində qadın qəhrəmanlarımızın nümunəvi rolundan bəhs etmişdir.

​Daha sonra Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədr müavini Yasəmən Möhübbətqızı çıxış edərək tədbirin gənclərin mənəvi tərbiyəsindəki əhəmiyyətindən danışmış və qonaq rəhbər fəaliyyəti, şərəfli döyüş yolu ilə tanınan Aidə Şirinovanı tələbələrə təqdim etmişdir. Çıxışlardan sonra mayor Aidə Şirinovanın həyat və döyüş fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

​Görüşün davamında çıxış edən mayor Aidə Şirinova tələbələri salamlayaraq öz döyüş xatirələrini bölüşmüş, cəbhə xəttində qadın hərbi komandir olaraq keçdiyi çətin, lakin şərəfli yoldan bəhs etmişdir.

​Proqramın bədii hissəsində filialın tələbələrinin ifasında qəhrəman komandirin yeni çapdan çıxmış “Biz Turanı Quracağıq” adlı kitabından vətənpərvərlik mövzusunda yazılmış şeirlər böyük coşğu ilə səsləndirilmişdir.

​ Tədbirin son hissəsində tələbələri maraqlandıran suallar cavablandırılmış, gənclərlə spiker arasında interaktiv və səmimi dialoq qurulmuşdur.

​Sonda xatirə fotoları çəkilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?