Quba filialında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

29.09.2026
Quba filialında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbirdə filialın direktoru, tanınmış elm və təhsil xadimi professor Yusif Alıyev, şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı, filialın akademik məsləhətçisi Günel Məlikova, “Vətən Naminə” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev və Şəhid Nuran Mirzəyevin qohumu, filialın Tələbə, məzun və karyera şöbəsinin baş mütəxəssisi Fatimə Allahverdiyeva, şəhid İsmət Hacıyevin anası Gülnarə Hacıyeva, şəhid Eynulla Lətifovun valideynləri Niyətulla Lətifov və Gülbacı Lətifova, şəhid Miqdad Abduləlimovun atası Faiq Abduləlimov, şəhid Ramin Abdulrəhmanovun anası Humay Abdulrəhmanova, şəhid XTQ Ruslan Bayramovun həyat yoldaşı, filialın “Xarici dil müəllimliyi” ixtisasının tələbəsi İlahə Bayramova, I Qarabağ müharibəsi şəhidi Zəfər Əliyevin qardaşı, filialın tələbəsi Zəfər Əliyev, həmçinin filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdən əvvəl filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə hazırlanmış Anım Gününə həsr edilmiş kitab sərgisinə baxış keçirilib.

Görüş filialın Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayevin moderatorluğu ilə davam edib. Tədbiri giriş sözü ilə açan Eyvaz Şeydayev vurğulayıb ki, bizim qarşısında ehtiramla baş əydiyimiz qəhrəman oğulları və qızları yetişdirən şəhid valideynləri bu cəmiyyətin ən uca zirvəsində dayanırlar.

​Tədbirdə çıxış edən filialın direktoru, professor Yusif Alıyev bildirib ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsi xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd olunması şəhidlərimizə olan sonsuz ehtiramın təzahürüdür. Professor Yusif Alıyev qeyd edib ki, Quba rayonunda olduğu kimi, ADPU-nun Quba filialında da bu müqəddəs tarix hər zaman dərin hüzün və qürurla yad olunur. Filial rəhbərliyi və kollektivi tərəfindən şəhidlərimizin adının yaşadılması istiqamətində mühüm addımlar atılır, onların adını daşıyan xüsusi auditoriyalar yaradılır, qazilərimiz, şəhidlərimizin övladları və ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır. Professor vurğulayıb ki, ali təhsil ocağında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara milli-mənəvi dəyərlərin aşılanması hər zaman əsas prioritetdir və bu proses bir an belə dayana bilməz.

​Daha sonra filialın şöbə müdiri Seyid Cabbarov ətraflı və məzmunlu məruzə ilə çıxış edərək tarixi faktlara əsaslanaraq erməni təcavüzkarlarının əzəli torpaqlarımızda həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edib və Müzəffər Azərbaycan Ordusunun qəhrəman şəhidlərimizin qanını yerdə qoymayaraq tarixi ədaləti bərpa etdiyini vurğulayıb. Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkür edərək bu cür tədbirlərin şəhidlərimizin xatirəsini yaşatmaqla yanaşı, ailələrə də mənəvi təskinlik verdiyini bildiriblər.

​Bu yerdə bütün şəhid ailələri adından filialın direktoru, hörmətli professor Yusif Alıyevə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Hər zaman şəhidlərimizin adını uca tutan, onların əziz xatirəsini doğma filialda yaradılan xüsusi auditoriyalarla əbədiləşdirən, qazilərimizə, şəhid övladlarına və ailələrinə böyük həssaslıq, diqqət və qayğı ilə yanaşan professor Yusif Alıyevin bu humanist fəaliyyəti hər birimiz üçün əvəzolunmaz dəyərdir. Tələbələrin milli-vətənpərvərlik ruhunda yetişdirilməsində göstərdiyi yorulmaz səylərə, hər bir şəhid ailəsini öz doğması kimi qucaqlayan ali insani keyfiyyətlərinə görə dəyərli direktorumuza minnətdarlığımızı bildirir, elmi və rəhbərlik fəaliyyətində yeni uğurlar arzulayırıq.

​Tədbirin bədii hissəsində filialın istedadlı tələbələrinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, Aynur Əliverdiyevanın təqdimatında təsirli şeir kompozisiyası iştirakçılara kövrək anlar yaşatdı. Sonda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ehsan süfrəsi arxasında dualar oxunub, onların şərəfli ömür yollarından söhbət açılıb. Xalqımız hər zaman 27 Sentyabrı – Anım Gününü böyük ehtiramla yad edəcək, qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaqdır!

​Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?