Quba filialında “Türk dünyasında təhsil inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib.

19.01.2026
Quba filialında “Türk dünyasında təhsil inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında “Türk dünyasında təhsil inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan–Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində təşkil olunan tədbirdə filialın rəhbərliyi, eləcə də qardaş Özbəkistandan olan görkəmli pedaqoqlar, müstəqil araşdırmaçılar iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında türk dövlətlərinin təhsil qurumları arasında əməkdaşlığın strateji əhəmiyyətindən danışaraq, son illər bu sahədə əldə olunan fundamental uğurlar barədə, həmçinin rəhbərlik etdiyi qurumun təhsil strategiyasının çoxşaxəli istiqamətlərindən danışıb. Direktor qeyd edib ki, türk dövlətlərinin təhsil müəssisələri arasında əməkdaşlıq son dərəcə vacibdir və Prezident İlham Əliyevin xarici siyasətində mühüm prioritetdir. Ümumilikdə Azərbaycan Respublikası bu əməkdaşlığı yüksək qiymətləndirir və qardaş Özbəkistan da daxil olmaqla digər türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir.

Sonra siyasi elmlər üzrə fəlsəfə doktoru, Humanitar elmlər kafedrasının müdiri Sabir Şahtaxtı (Hacıyev) “TÜRKSOY-un kültur diplomatiyası türk xalqlarının ortaq mirasıdır” mövzusuna təqdimatla çıxış edib. Tədbirin bu hissəsində TÜRKSOY-un yaranması, təşkilatın qurulmasında və təşəkkülündə Azərbaycan və Özbəkistanın funksional rolu, təşkilatın strateji istiqamətləri barədə müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, TÜRKSOY türk dövlətlərinin təhsil sistemləri arasında inteqrasiyanın qurulmasında mühüm missiya daşıyır. Bu sahədə atılan addımlar türk xalqları arasında birliyin, qarşılıqlı anlaşmanın və ortaq kimliyin formalaşmasına böyük töhfələr verir.

Bunun ardınca Daşkənd (Özbəkistan) Dövlət İqtisad Universitetinin ali və tətbiqi riyaziyyat kafedrasının baş müəllimi, eyni zamanda Putra Malayziya (Malaziya) Universitetində diferensial oyunlar nəzəriyyəsi sahəsində müstəqil tədqiqatçısı Eqamberqanova Omongülün təqdimatı olub.

Özbəkistan və Malayziyada təhsil sistemləri haqqında ətraflı məlumat verən tədqiqatçı hər iki ölkədə ali təhsilin təşkili, universitet-tədqiqat əməkdaşlığı, beynəlxalq akademik mühit və innovativ yanaşmalar barədə müqayisəli təhlillərin məramından bəhs edib.

Təqdimat iştirakçıların böyük marağına səbəb olub və suallar cavablandırılıb.

Filialın şöbə müdiri, tədbirin aparıcısı Dünya Əhmədova bildirib ki, tədbirin əsas məqsədi təcrübə mübadiləsinin aparılması, elmi dialoqun gücləndirilməsi və türk dövlətləri arasında akademik əlaqələrin genişləndirilməsində töhfə verməkdir.

Dəyirmi masada həmçinin digər xarici qonaq, Daşkənd Dövlət İqtisad Universitetin ali və tətbiqi riyaziyyat kafedrasının baş müəllimi, həmçinin Özbəkistan Riyaziyyat İnstitutunun “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə müstəqil tədqiqatçısı Xujaniyazova Gullola da öz elmi-pedaqoji fəaliyyəti və metodik yanaşmaları barədə fikirlərini bölüşüb.

Direktor professor Yusif Alıyev yekun çıxışında bildirib ki, dəyirmi masadakı təqdimatlar arasındakı bağlantı bir daha deməyə əsas verir ki, türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın istiqamətləri, onillikləri əhatə edən fəaliyyət, eləcə də real nəticələr ortaq təhsil strategiyasına mühüm tarixi missiya olduğunu təsdiqləyir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?