Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Çıraqqala-Şabran Tarix-Mədəniyyət Qoruğu”nun rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə əlamətdar görüş keçirilmişdir. Tədbir çərçivəsində qoruğun fonduna daxil olan, xalqımızın zəngin keçmişini əks etdirən, Qədim Şabran şəhəri və ətraf ərazilərdən arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi mədəniyyət nümunələrindən ibarət sərgi nümayiş olunmuşdur. Sərgini giriş sözü ilə açan filialın direktoru, professor Yusif Alıyev qonaqları salamlayaraq, qarşıdan gələn “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə qoruq rəhbərliyini və kollektivini təbrik etmişdir. Professor öz çıxışında tarixin dərki və tədqiqində maddi mənbələrin əvəzsiz rolundan bəhs edərək, yerli tarixi faktların dünya tarixi kontekstində sistemləşdirilməsinin elmi əhəmiyyətini xüsusi vurğulamışdır. Eyni zamanda, Çıraqqala-Şabran qoruğunun tarixi irsimizin mühafizəsi və gələcək nəsillərə ötürülməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
Çıraqqala-Şabran Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva yaradılmış şəraitə və göstərilən səmimi münasibətə görə filial rəhbərliyinə minnətdarlığını bildirmişdir. Qeyd edək ki, tədbir filialda Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyevin təşkilatçılığı ilə icra edilib. Filialın professor-müəllim heyəti və tələbələri sərgi ilə yaxından tanış olmuş, nümayiş etdirilən eksponatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşmışdır.






