Quba filialında Soyqırım qurbanlarının xatirəsi yad edilib

01.04.2026
Quba filialında Soyqırım qurbanlarının xatirəsi yad edilib

ADPU-nun Quba filialında Azərbaycan Respublikasında elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “1918-ci il 31 Mart Soyqırımı: Tarixi həqiqətlər və müasir araşdırmalar” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin və 31 Mart soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ardınca Quba Soyqırımı Memorial Kompleksi haqqında qısametrajlı film nümayiş olunmuşdur.

Konfrans filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə təşkil edilmişdir. Tədbirin gedişində filialın direktoru, qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevin ustad mühazirəsi dinlənilmişdir. Professor çıxışına iştirakçı professor-müəllim heyətini və tələbələri salamlayaraq başlamış, konfransın işinə uğurlar arzulamışdır.

Mühazirədə 1918-ci il 31 Mart hadisələrinin tarixi xronologiyası ardıcıl şəkildə təqdim edilmişdir. Professor Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, dövlətçilik ənənələrinə və qurucu nəsillərin fəaliyyətinə toxunmuş, Zaqafqaziya Seyminin fəaliyyəti, regionda mövcud olan siyasi vəziyyət və xarici qüvvələrin təsiri kontekstində baş verən hadisələri təhlil etmişdir.

Çıxışda Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti, Bakının işğaldan azad edilməsi prosesi, eləcə də Əlimərdan bəy Topçubaşovun beynəlxalq müstəvidə apardığı siyasi mübarizə xüsusi vurğulanmışdır. Professor, həmçinin həmin dövrün canlı şahidlərinin xatirələrinə və Səməd Vurğunun bu faciələri əks etdirən poetik nümunələrinə istinad edərək tarixi yaddaşın qorunmasının əhəmiyyətini qeyd etmişdir.

Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin 31 Mart hadisələrinə verdiyi hüquqi-siyasi qiymət və bu istiqamətdə atdığı addımlar təhlil olunmuş, onun ideyalarının davamı kimi Ali Baş komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti və ölkənin ərazi bütövlüyünün təmin edilməsi xüsusi vurğulanmışdır. Çıxışın sonunda bütün şəhidlərə Allahdan rəhmət dilənmişdir.

Daha sonra Təbiət elmləri fakültəsinin dekan müavini tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev, Filialın İctimai elmlər kafedrasının baş müəllimi Zəminə Qayıbxanova və Tarix müəllimliyi ixtisasının III tədris ili tələbəsi Nurtəkin Məmmədova çıxış edərək 31 Mart hadisələrinin müxtəlif aspektlərini elmi yanaşma ilə təqdim etmişlər.

Konfrans müzakirələrlə davam etmiş və yekunlaşdırılmışdır.

Qeyd edək ki, filialda həmçinin 31 Mart – Azərbaycanlıların Soyqırımından bəhs edən kitab və şəkillərdən ibarət sərgiyə baxış keçirilib. Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva tədbir iştirakçılarını guşənin daxilində yerləşdirilən və XX əsrin əvvəllərini əks etdirən foto materiallarla, habelə ermənilərin törətdiyi qırğınları sübuta yetirən digər faktlarla zəngin kitablardan ibarət sərgi haqqında məlumat vermişdir.

Gün ərzində filialın rəhbərliyi və kollektivi də Quba Soyqırımı Memorial Kompleksində ziyarətdə iştirak etmiş, şəhidlərin xatirəsini yad etmiş, kompleksin fəaliyyəti ilə tanış olmuşlar.

https://www.youtube.com/watch?v=8YZzsXCRv1I

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?