Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 44 günlük Vətən Müharibəsi qəhrəmanı, şəhid Miqdad Abduləlimovun əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin moderatorluğunu Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova yüksək peşəkarlıqla həyata keçirib.
Tədbiri giriş nitqi ilə açan ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev şəhidlərimizin misilsiz qəhrəmanlığından, Vətən sevgisindən və gənc nəslin milli-mənəvi, hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən geniş bəhs edib. Direktor qeyd edib ki, Miqdad Abduləlimov kimi igidlərin həyat yolu hər bir azərbaycanlı gənc üçün əsl məktəbdir və onların xatirəsi hər zaman qəbblərdə əbədi yaşayacaq.
Daha sonra Humanitar və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova çıxış edərək şəhidlərimizin həyat yolunun gənclər üçün örnək olduğunu vurğulayıb.
Tədbir zamanı təqdim olunan, şəhid Miqdad Abduləlimovun əziz xatirəsinə həsr edilmiş “Bir ömrün Vətən olduğu yer” adlı tələbə Sevda Müslümovanın müəllifi olduğu kitab, nümayiş etdirilən təsirli videoçarx və tələbə Nəzrin Şixverdiyevanın ərsəyə gətirdiyi “Şəhid qardaşım” adlı xüsusi tablo iştirakçılara hədsiz qürur və duyğulu anlar yaşatdı.
Xüsusilə, tədbirdə şəhidin valideynləri – atası Faiq Abduləlimov və anası Tünzalə xanım Abduləlimova çıxış edərək övladlarının xatirəsindən, uşaqlıq və gənclik illərindən, Vətənə olan sonsuz sevgisindən danışdılar. Övladlarına həsr olunan bu cür dəyərli kitabçanı, kövrək xatirələrlə dolu videoçarxı və “Şəhid qardaşım” tablosunu görüncə dərindən kövrələn və qəlbləri riqqətə gələn Faiq ata və Tünzalə ana göstərilən sonsuz diqqət, ehtiram və qulluq üçün filial direktoru professor Yusif Alıyevə, təşəbbüskar tələbələrə və bütün kollektivə səmimi qəlbdən təşəkkürlərini bildirdilər. Onlar vurğuladılar ki, övladlarının adının bu cür uca tutulması, əziz xatirəsinin doğma universitet ocağında yaşadılması onların bu həyatda tək təskinliyi və ən böyük qürur mənbəyidir.
Qeyd edək ki, əlamətdar tədbir filialın “Riyaziyyat müəllimliyi” ixtisasının RM2401B qrup tələbələrinin və qrupun akademik məsləhətçisi – tyutor Gülnar Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Sonda xatirə fotosu çəkdirilib.
Allah Şəhidlərimizə rəhmət eləsin.
















