Quba filialında Qazaxıstan heyəti üçün Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunan elmi seminar keçirilib.

12.11.2025
Quba filialında Qazaxıstan heyəti üçün Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunan elmi seminar keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında kurs keçən Qazaxıstan Respublikasından olan təhsil heyəti üçün Qarabağ zəfərinin beşinci ildönümünə həsr olunmuş “TURAN YOLUNUN İŞIĞINDA!” mövzusunda elmi-seminar təşkil olunub.

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan seminar filialın Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində düzənlənib.

ADPU-nun direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev Qazaxıstan heyətini Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi ilə tanış edib. Direktor qonaqlarla səmimi söhbətində diqqətə çatdırıb ki, Qazaxıstana aid belə bir mədəniyyət mərkəzinin qurulması kollektivin ümdə arzusudur.

Seminar ümummilli lider Heydər Əliyevin və əziz şəhidlərimizin nurlu xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Qazaxıstan və Azərbaycan respublikalarının dövlət himnləri səsləndirilib.

Qonaqlar Qarabağ zəfərinə həmrəylik əlaməti olaraq qonaqlar seminarın Azərbaycan dilində keçirilməsini istəyiblər.

Pedaqoji Universitetin Quba filialının kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev) qonaqları giriş sözü ilə açaraq seminarın istiqamətlərini və qarşıya qoyduğu vəzifələri elan edib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, həmçinin, həmrəylik notları, qarşılıqlı etimaddan yaranan strateji yanaşmalar, müttəfiqlik sənədləri, kültür diplomatiyasının real nəticələri və perspektivlər iştirakçıların diqqətinə çatdırılıb.

Seminarda Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf dinamikası və müttəfiqliyin Avrasiyadakı qlobal proseslərə təsirinə geniş yer ayrılıb. Məruzəçi bildirib ki, böyük fikir insanı İsmayıl bəy Qaspıralıya məzsus “Dildə, işdə, fikirdə birlik!” ideyası bu gün Türk Dövlətləri Təşkilatının təşəkkülündə həyat, əməkdaşlıq, inkişaf və dostluq fəlsəfəsi olaraq özünü doğruldub.

Təqdimatdan sonra məruzəçi sualları cavablandırıb.

Qazaxıstan heyətinin rəhbəri, “Altın qasır” təhsil mərkəzinin rəhbəri Sanduqaş xanım Rıskeldiyeva onların istəyi ilə keçirilən seminarın təşkilinə görə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevə səmimi minnətdarlığını ifadə edərək, bildirib ki, təqdimatda istifadə edilən əyani vəsaitlər tam şəkildə uzaq və yaxın tarixi həqiqətləri əks etdirdiyi üçün, eyni zamanda tarixi köklər və dəyərlər məruzənin Azərbaycan dilində qavranmasını tam təmin edir.

Filialın tələbəsi Şahanə Hüseynova Sabir Şahtaxtının Qarabağ zəfərini tərənnüm edən romanında türk dövlətlərinin birliyini və qardaşlağını əks etdirən bölmədən bir parça oxuyub.

Tələbələr – Şahanə Hüseynova və Arzu Məmmədova Vətənimizin gözəlliyinə, Qarabağ Zəfərinin möhtəşəmliyinə, türk birliyinin əbədiliyinə həsr olunan şeirlər oxuyublar.

Seminar xatirə şəkilinin çəkilməsi ilə başa çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?