Quba filialında professor Həsən Həsənovla görüş keçirilib

04.12.2025
Quba filialında professor Həsən Həsənovla görüş keçirilib

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru professor Həsən Həsənovun anadan olmasının 85 illik yubileyi və elmi fəaliyyətinə həsr olunmuş “HƏSƏN HƏSƏNOV: BİR ÖMRÜN SİYASƏTİ VƏ HİKMƏTİ” mövzusunda görüş keçirilib.
Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətində İcra başçısı İlqar Mahmudovun professor Həsən Həsənovla görüşü keçirilib.
ADPU-nun Quba filialının direktoru Yusif Alıyev və filialın digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə səmərəli fikir mübadiləsi aparılıb. Həsən Həsənov Quba rayonunun və ətraf bölgələrin sosial-iqtisadi imkanlarına dair informasiyalar bölüşüb. Qubada təşkil olunan görüşə, o cümlədən göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə, İcra başçısı İlqar Mahmudova, həmçinin filialın direktor Yusif Alıyevə minnətdarlıq ifadə edən professor Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çoxistiqamətli inkişafındanın tarixi əhəmiyyətini yüksək dəyərləndirib.
Dəvəti qəbul etdiyinə görə, professor Həsən Həsənovla dərin minnətdarlıq ifadə edilib.
Filialın böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, Vətən yolunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra professor Həsən Həsənovun zəngin mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İştirakçıları səmimiyyətlə salamlayan tədbirin moderatoru, filialın direktoru professor Yusif Alıyev qeyd edib ki, professor Həsən Həsənovun filialın bugünkü fəaliyyətində və inkişafında müstəsna rolu vardır. Belə ki, 1990-1992-ci illərdə Həsən Həsənov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışarkən imzaladığı qərarla filialın tarixi fəaliyyətinə bünövrə atılıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 1991-ci il tarixli 70 №-li qərarı ilə Quba şəhərində Azərbaycan Dövlət İncəsənət Universitetinin (ADİU) Quba filialı yaradılmışdır. Belə bir tarixi məqama diqqət çəkən professor Yusif Alıyev arxiv materialları arasında qorunan həmin tarixi sənədin üzərində möhürün olmasına, lakin imzanın illərlə aşınmasına diqqət çəkərək, yenidən imza sahibinə təqdim edib və bu anı filial üçün növbəti böyük əhəmiyyət kəsb edən hadisə adlandırıb.
Professor Yusif Alıyev həm də qeyd edib ki, Həsən Həsənov uzun illər dövlət idarəçiliyində təcrübə toplamış, müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Müstəqilliyin ilk illərində mürəkkəb siyasi və iqtisadi vəziyyətdə hökumət rəhbərliyində yer alması onun karyerasının mühüm mərhələsidir. O, həmçinin diplomatik fəaliyyət göstərərək Azərbaycanın xarici siyasətinin formalaşmasında iştirak etmişdir.
Çıxışının sonunda professor Həsən Həsənova Quba xalçası və Təşəkkür məktubu təqdim edilib.
Sonra Quba rayon İcra Hakimiyyətinin Başçısının müavini Səidə Abasova qonaqları rayonun rəhbəri İlqar Mahmudovun adından salamlayıb, professor Həsən Həsənovun siyasi və ictimai fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunaraq diqqətə çatdırıb ki, Həsən Həsənov təkcə siyasətçi və diplomat deyil, həm də tarixçi-alimdir. Onun elmi-tədqiqat fəaliyyətində Azərbaycan ədəbiyyatı və tarixinin öyrənilməsi mühüm yer tutub.
ADPU-nun Quba filialının İctimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, ADPU-nun Quba filialının Filologiya kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Rahib Sədullayev, AYB -nin Quba bölməsinin rəhbəri, Türk dünyasının görkəmli və tanınmış şairi Ramiz Qusarçaylı da öz növbələrində qeyd ediblər ki, Həsən Həsənovun geniş ictimai-siyasi, elmi və diplomatik fəaliyyəti, dövlət-xidmət təcrübəsi, tədris və maarifçilik fəaliyyəti onu cəmiyyət və nəsillər üçün nümunəvi şəxslərdən birinə çevirib.
Yazıçı-publisist Sabir Şahtaxtı müstəqilliyimizin bərpasından sonra ölkəmizin həyatındakı böhranı yaradan səbəblərdən, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, xalqımızın böyük oğlunun kadr islahatlarından və Həsən Həsənova etimadından danışıb. Azərbaycan Respublikasının xarici siyasət strategiyasının qarşısında dayanan vəzifələrdən bəhs edən çıxışçı diqqətə çatdırıb ki, Həsən Həsənov diplomatik korpusdakı fədakar fəaliyyəti ilə silinməz izlər salıb.
Laçın Səfərəliyev “Həsən Həsənovun baş nazir vəzifəsində çalışarkən region rayonlarına, xüsusilə də Qubaya diqqət və qayğısı nəticəsində bir sıra yeniliklər icra edilmiş, rayonlarda Şahmat məktəblərinin inşası və fəaliyyətə başlaması da sırf onun fəaliyyətinin mühüm istiqamətlərindən olmuşdur”,- deyə vurğulayıb. Baş müəllim Rahib Sədullayev həm də bütün filialın kollektivi və görüş iştirakçıları adından direktor professor Yusif Alıyevə bu görüşün təşəbbüskarı və təşkilatçısı olduğu üçün təşəkkür edib, şair Ramiz Qusarçaylı isə həm də çıxışında tarixi əhəmiyyət daşıyan Vətən poemasının ərsəyə gəlməsi üçün professor Həsən Həsənovun elmi tədqiqatlarına baş vurduğunu, onlardan bəhrələndiyini vurğulayıb, o, həm də öz çıxışında “bu gün tarixi sənədli və olduqca əhəmiyyətli sənədli filmə baxdıq, bu isə sizin yorulmaz əməyinizin nəticəsi idi, hörmətli Yusif Alıyev” deyə qeyd edib.
Sonra professor Həsən Həsənov belə bir könül oxşayan tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib. Bundan sonra filial ilə sıx -sıx görüşlərdə iştirak edəcəyini professor Yusif Alıyevlə söhbətində də vurğuladığını qeyd edib. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində əzəmət tapan müstəqilliyimiz, Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun qazandığı rəşadət və sonrakı qəhrəmanlıqlar nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirən professor bildirib ki, bu gün həmin tarix haqqında danışmaqdan qürur duyur. Müstəqillik və suverenlik anlayışlarına bir daha xalqların və dövlətlərin kontekstində yanaşan professor Həsən Həsənov ölkəmizin hazırkı inkişafı ilə qürur duyduğunu da diqqətə çatdırlb.
Tədbir sualların cavablandırılması ilə davam edib.
Sonda xatirə şəkili çəkdirilib.
Professor Həsən Həsənov Qafqaz TV-yə geniş müsahibə verib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?