Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin müstəqil tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə növbəti sərbəst iş təqdimatları tələbələr tərəfindən həyata keçirilib. Filialın “Humanitar və təbiət elmləri” fakültəsinin “Tarix müəllimliyi” ixtisası üzrə I tədris ili tələbələri “Orta əsrlər tarixi” fənnindən dərsdənkənar sərbəst işlərini uğurla təqdim ediblər.
Tədbirdə filialın tədris və elmi işlər üzrə direktor müavini p.f.d. Pərvanə Rzayeva, Humanitar və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e Nübar Bayramova və Keyfiyyətin təminatı şöbəsinin müdiri Tərifə Qubatova iştirak edərək tələbələrin çıxışlarını yaxından izləyiblər.
Fənn müəllimi, t.f.d. Mürvət Əliyev çıxış edərək bu metodikanın mahiyyəti barədə məlumat verib, tələbələr adından bu elmi-yaradıcı fəaliyyətlərinə göstərilən diqqətə və filialda yaradılan geniş imkanlara görə filialın direktoru professor Yusif Alıyevə dərin minnətdarlıqlarını ifadə edib.
M. Əliyev həm də qeyd edib ki, semestrin əvvəlində tələbələrlə qarşılıqlı razılıq əsasında hər bir tələbənin fənnin proqramına uyğun konkret bir elmi ədəbiyyatı mütaliə etməsi qərara alınıb. Məqsədimiz və əsas hədəfimiz isə sadəcə mütaliə mədəniyyətinin formalaşdırılması deyil, həm də tələbələrdə tarixi hadisələrə dair sistemli və analitik bilik bazasının yaradılması olmuşdur.
Sərbəst işlər çərçivəsində tələbələr tərəfindən ümumilikdə 15 fundamental kitab (2 orijinal mənbə, 12 elmi-tarixi ədəbiyyat və 1 tarixi roman) təhlil edilib. Bu əsərlər orta əsrlər dövrünün siyasi mənzərəsini, sosial-iqtisadi münasibətlərini və zəngin mədəni irsini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Tələbələr hazırladıqları vizual slaydlar vasitəsilə oxuduqları əsərlərin elmi mahiyyətini, dövrün xarakterik xüsusiyyətlərini yüksək natiqlik məharəti ilə şərh ediblər. Təqdimatların sonunda iştirakçılar öz təəssüratlarını bölüşüblər:
P.f.d. Pərvanə Rzayeva Süni intellekt dövründə tələbələrin kitab oxumağa marağının azaldığı bir zamanda belə bir ideyanın ortalığa qoyulması və son nəticə əldə edilməsinin təqdirəlayiq bir davranış olduğunu bildirərək, bu yanaşmanın həm də maraqlı bir pedaqoji ideya olduğunu və gələcəkdə də davamlı tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Baş müəllim Nübar Bayramova tələbələrin yaradıcı yanaşmasını alqışlayaraq, əldə olunan nəzəri biliklərin tarixi sənədli və bədii filmlərlə möhkəmləndirilməsinin daha geniş dünyagörüşü formalaşdıracağını qeyd edib.
Tərifə Qubatova tələbələrdə kitab almaq və oxumaq vərdişlərinin aşılanmasının, sərbəst işlərin məhz bu formatda, tədqiqat əsaslı hazırlanmasının doğru bir hal olduğunu bildirib.




