Quba filialında nümunəvi açıq dərs keçirilib

08.10.2026
Quba filialında nümunəvi açıq dərs keçirilib

7 oktyabr 2026-cı il tarixində Quba filialında Filologiya kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının AZD2401B qrupunda “Dünya ədəbiyyatı 2-Türk və Şərq xalqları ədəbiyyatı” fənnindən “XV əsr Özbək ədəbiyyatı – Əlişir Nəvai və onun Xəmsəsi” mövzusunda nümunəvi açıq dərs keçirilib. Filologiya kafedrasının müdiri v.m.i.e , filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Ağabəyin apardığı dərsdə direktor müavini p.f.d. Aysel Şeydayeva, Fakültənin dekanı Nubar Bayramova, dekan müavini tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev, Tədris şöbəsinin müdiri Mələk Bağırova, kafedranın müəllimləri – filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, baş müəllim Rahib Sədullayev, baş müəllim Elza Babayeva, gənc tədqiqatçılar-Elnurə Şirinova, Nuranə Allahverdiyeva, Alyona Heybətova, Murad Məmmədov və kafedranın laborantı Amaliya Dadaşova iştirak etmişlər.

Dərsin əvvəlində Quba filialının Özbəkistan universitetləri ilə qurulan sıx elmi-pedaqoji əlaqələri və beynəlxalq əməkdaşlıq istiqamətindəki uğurlu addımları önə çəkildi, filialda professor Yusif Alıyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən tədbirlərdən ibarət videoçarx nümayiş etdirildi.

Mühazirə dərsi olmasına baxmayaraq, tələbələrin Əlişir Nəvainin əsərlərini öncədən oxumaları prosesin fəal debat və diskussiya formatında qurulmasına şərait yaratdı və bu da dərsin müəllim–tələbə mükaliməsi şəklində keçməsinə imkan verdi. Dərs zamanı yazıçının tarixi mövzulara həsr etdiyi əsərlər, xüsusilə onun şah əsəri olan “Xəmsə” üzərində geniş elmi təhlillər aparıldı; bu kontekstdə dosent Gülşən Ağabəy xüsusi olaraq qeyd etdi ki, XIV əsrdə Əmir Teymur tərəfindən əsası qoyulan və Türk-islam dünyasında mühüm siyasi-mədəni birlik yaradan Çığatay Türk dövlətçiliyi ənənələri sonrakı dövrlərdə – XV əsrdə dahi mütəfəkkir Əlişir Nəvainin rəhbərliyi və dövlət xadimi kimi fəaliyyəti sayəsində özünün ədəbiyyat, incəsənət və mədəniyyət zirvəsinə çatmışdır. Həmin tarixi-mədəni dövrün, eləcə də Türk dünyasının sərkərdə və mütəfəkkirlərinin irsinin təqdirində tanınmış yazıçı-tədqiqatçı Yunus Oğuzun Əmir Teymura həsr olunmuş tarixi romanlarının əhəmiyyəti vurğulanaraq, bu əsərlərin gənc nəslin milli-tarixi yaddaşının formalaşmasındakı rolu geniş təhlil olundu, müzakirələr zamanı iştirak edən digər müəllimlər də öz fikirlərini bölüşdülər. Tədbirdə, həmçinin Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinin hazırkı mərhələsinə xüsusi diqqət çəkildi və iki ölkə arasındakı mədəni bağları təbliğ edən məşhur “Görüş” filmindən fraqment nümayiş olundu.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?