16 mart 2026-cı il tarixində ADPU-nun Quba filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Novruz bayramı münasibətilə “Novruz təntənəsi: Etnomədəni ənənələr və milli kimlik kontekstində” adlı bayram tədbiri keçirilib.
Tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhid qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Quba filialının direktoru professor Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abbasova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, “Aynur” MMC-nin direktoru, xeyriyyəçi iş adamı Elxan Əliyev, ictimaiyyət nümayəndələri, el pəhləvanları, Quba Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən Susay və Alpan kənd tam orta məktəblərinin müəllim və şagirdləri, həmçinin filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin rəsmi hissəsini ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev açıb. O, tədbir iştirakçılarını səmimi salamlayaraq qonaqları Novruz bayramı və mübarək Ramazan ayı münasibətilə təbrik edib. Çıxışında Novruz bayramının zəngin tarixi köklərindən, xalqımızın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən və bayram atributlarının simvolik məna daşımasından bəhs edib. Direktor çıxışında “Təhsil fədaisi və bir elm adamı kimi inanıram ki, təbiətin oyanışı bizim yaradıcılıq enerjimizi daha da artıracaq. Bizim məqsədimiz:
Gənclərimizi milli ruhda tərbiyə etmək, elmin zirvələrinə gedən yolda onlara dəstək olmaq, vətənimiz üçün layiqli mütəxəssislər yetişdirməkdir.”deyə qeyd edib.
Daha sonra çıxış üçün söz Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasovaya, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynovaya və AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylıya verilib. Natiqlər çıxışlarında Novruz bayramı münasibətilə səmimi təbriklərini çatdırıb, filial rəhbərliyinə belə əhəmiyyətli tədbirin təşkilinə və səmərəli əməkdaşlığa görə təşəkkürlərini ifadə ediblər.
Rəsmi hissənin sonunda ADPU-nun Quba filialı ilə davamlı və səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən bir sıra hörmətli qonaqların, eləcə də filialın ictimai həyatında fəallığı ilə seçilən əməkdaşların təltif olunması mərasimi keçirilib.
Ardınca tədbirin bədii hissəsinə start verilib.
Filialın istedadlı tələbələrinin təqdimatında maraqlı musiqi nömrələri, şeir, üəzəllərdən ibarət kompozisiyalarla nümayiş etdirilib. Novruzun rəmzi obrazları olan Bahar qızı, Kosa və Keçəl səhnəyə dəvət olunub və onların iştirakı ilə maraqlı, əyləncəli səhnəcik nümayiş etdirilib.
Milli birlik və həmrəyliyin rəmzi sayılan Yallı rəqsi ilə tədbir daha da rəngarəng xarakter alıb və bu rəqsdə iştirakçılar kollektiv şəkildə yer alıblar. Daha sonra gənc və istedadlı pəhləvan Murad Xanməmmədovun təqdimatında müxtəlif idman nümunələri nümayiş etdirilib.
Tədbirin sonunda qədim ənənəyə uyğun olaraq bayram tonqalının yandırılması mərasimi keçirilib.
Sonda xatirə fotoları çəkdirilib və bayram tədbiri xoş ovqatla başa çatıb.











































