ADPU-nun Quba filialında Müsahibə Komissiyasının növbəti iclası çərçivəsində namizədlərin sınaq dərsləri dinlənilib və müvafiq qiymətləndirmə aparılıb.
İclasda filialın direktoru professor Yusif Alıyev, direktor müavini p.f.d Pərvanə Rzayeva, müsahibə komissiyasının üzvləri, müvafiq kafedraların müdirləri və ixtisas müəllimləri iştirak ediblər. Sınaq dərslərinin dinlənilməsində əsas məqsəd namizədlərin fənn üzrə bilik səviyyəsini, mövzunu izah etmə bacarığını, pedaqoji yanaşmasını, auditoriya ilə ünsiyyətini və tədris prosesini təşkil etmə qabiliyyətini qiymətləndirmək olub.
Dərs təqdimatları zamanı filialın məzunu Səidə Əliməmmədova “Funksional analiz” fənni üzrə “Funksiyanın törəməsi” mövzusunda, Günel Məmmədova isə “Sosial pedaqogika” fənni üzrə “Sosial pedaqogikanın mahiyyəti, vəzifələri və müasir cəmiyyətdə rolu” mövzusunda çıxış edib.
Namizədlər təqdim etdikləri mövzular üzrə nəzəri məlumatları izah edib, dərsin məzmununu müvafiq ardıcıllıqla təqdim ediblər. Komissiya üzvləri tərəfindən mövzuların elmi-metodik əsaslandırılması, tədris materialının aydın və sistemli şəkildə çatdırılması, pedaqoji ünsiyyət, nitq mədəniyyəti, interaktiv yanaşma və dərsin ümumi təşkili diqqətlə izlənilib.
Sonda təqdim olunan sınaq dərsləri ilə bağlı müzakirələr aparılıb, komissiya üzvləri, kafedra müdirləri və ixtisas müəllimləri tərəfindən müvafiq rəy və qeydlər bildirilib.







