Quba filialında Müsahibə Komissiyasının növbəti iclası keçirilib

29.07.2026
Quba filialında Müsahibə Komissiyasının növbəti iclası keçirilib

22 iyul 2026-cı il tarixində ADPU-nun Quba filialında Müsahibə Komissiyasının növbəti iclası çərçivəsində namizədlərin sınaq dərsləri dinlənilib və müvafiq qiymətləndirmə aparılıb. İclasda filialın direktoru professor Yusif Alıyev və müsahibə komissiyasının üzvləri, müvafiq kafedraların ixtisas müəllimləri iştirak ediblər. Sınaq dərslərinin dinlənilməsində əsas məqsəd namizədlərin fənn üzrə bilik səviyyəsini, mövzunu izah etmə bacarığını, pedaqoji yanaşmasını, auditoriya ilə ünsiyyətini və tədris prosesini təşkil etmə qabiliyyətini qiymətləndirmək olub. Dərs təqdimatları zamanı namizədlər öz mövzuları üzrə çıxışlar ediblər; Mənsur Xaspoladov “Klinik psixologiya” fənnindən “Normal və patoloji psixi inkişaf, psixi sağlamlıq və psixi pozuntular” mövzusunda vizual təqdimatla çıxış edib (plan və ədəbiyyat təminatı ilə), Züleyxa Abdullayeva isə “Neyrobiologiya” fənnindən “Davranış və onun tənziminin ümumi prinsipi” mövzusunda sınaq dərsi təqdim edib. Namizədlər təqdim etdikləri mövzular üzrə nəzəri məlumatları izah edib, dərsin məzmununu müvafiq ardıcıllıqla çatdırıblar. Komissiya üzvləri tərəfindən mövzuların elmi-metodik əsaslandırılması, tədris materialının aydın və sistemli şəkildə ötürülməsi, pedaqoji ünsiyyət, nitq mədəniyyəti, interaktiv yanaşma və dərsin ümumi təşkili diqqətlə izlənilib. Sınaq dərslərinin başa çatmasından sonra aparılan geniş müzakirələrdə çıxış edən filialın direktoru professor Yusif Alıyev müasir ali təhsil müəssisələrində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb. O, namizədlərə tövsiyələrini verərək tədris prosesində təkcə nəzəri biliklərin ötürülməsinin deyil, həm də tələbələrdə tənqidi təfəkkürün formalaşdırılmasının, elmi yeniliklərin mühazirələrə operativ inteqrasiya edilməsinin və interaktiv metodlardan maksimum səviyyədə istifadə olunmasının əsas prioritetlərdən olduğunu qeyd edib, həmçinin auditoriyada sağlam pedaqoji prinsiplərə əsaslanan münasibətlərin qurulmasının vacibliyini diqqətə çatdırıb. Öz növbəsində, müsahibə komissiyasının üzvləri və ixtisas müəllimləri də namizədlərin çıxışlarını yüksək qiymətləndirərək onların kifayət qədər hazırlıqlı olduğunu və elmi-metodiki baza baxımından tələblərə cavab verdiyini bildiriblər. Eyni zamanda, komissiya üzvləri dərslərin planlı şəkildə qurulduğunu, slayd və ədəbiyyat təminatından düzgün istifadə olunduğunu vurğulamaqla yanaşı, gələcək fəaliyyətdə tətbiqi aspektlərə daha çox yer verilməsi, auditoriyanın aktivliyinin artırılması və vizual vasitələrdən daha səmərəli istifadə edilməsi ilə bağlı öz konstruktiv qeyd və tövsiyələrini bildiriblər. Sonda təqdim olunan sınaq dərsləri ilə bağlı müvafiq rəylər ümumiləşdirilib və yekun qiymətləndirmə aparılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?