Quba filialında mühüm praktiki konfrans keçirilib

05.06.2026
Quba filialında mühüm praktiki konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının, Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional Miqrasiya İdarəsinin və Quba Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqi maarifləndirmə, miqrasiya məsələləri və ictimai təhlükəsizlik sahəsində aktual çağırışlar” adlı praktiki konfrans keçirilib.

​4 iyun 2026-cı il tarixində ADPU-nun Quba filialının Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində baş tutan tədbir, qonaqların universitetdə qarşılanması ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

​Konfransı giriş sözü ilə açan ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva tədbir iştirakçılarını filialın direktoru, professor Yusif Alıyevin adından səmimi qəlbdən salamlayıb. Aysel Şeydayeva çıxışında gənclərin hüquqi maarifləndirilməsi, onların milli ruhda və qanunlara hörmət mühitində tərbiyə olunması istiqamətində rəhbərlik tərəfindən filialda mütəmadi və məqsədyönlü işlərin görüldüyünü vurğulamışdır. O, professor Yusif Alıyevin xüsusi fəaliyyət proqramını diqqətə çatdıraraq qeyd etmişdir ki, gənclərin hüquqlarının etibarlı qorunması, təhsil mühitində bərabər imkanların təmin edilməsi və onların zərərli meyillərdən uzaq tutulması rəhbərliyin prioritet hədəflərindəndir. Həmçinin bildirilib ki, bu növ birgə platformalar gənc mütəxəssislərin gələcəkdə cəmiyyətdə hüquqşünas şüuruna malik vətəndaşlar kimi formalaşmasına birbaşa xidmət edir.

​Konfrans çərçivəsində aktual mövzular ətrafında digər rəsmi qonaqların da geniş məruzələri dinlənilib:

​Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional Miqrasiya İdarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Nail İsayev miqrasiya sahəsindəki hüquqi tənzimləmələr, əcnəbilərin leqallaşdırılması prosedurları, təhsil hüququ və digər aktual məsələlərdən bəhs etmişdir. N.İsayev qloballaşan dünyada miqrasiya proseslərinin idarə olunması, xarici tələbələrin və vətəndaşların hüquqi statusu, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə metodları barədə ətraflı məlumat verərək gəncləri bu sahədəki yeniliklərlə tanış etmişdir.

​Daha sonra Quba Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Rüstəm Hüseynov geniş hesabat xarakterli çıxış etmişdir. Çıxışında rayonda ictimai asayişin təmin olunması dinamikasına toxunan Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyevin rəhbərliyi altında Quba rayonunda cinayətkarlığa qarşı mübarizə və daxili sabitliyin qorunması istiqamətində görülən çoxşaxəli və sistemli işləri diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, vətəndaş məmnunluğunun təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin artırılması və kurort-turizm zonası olan Qubada asayişin nümunəvi təşkili məqsədilə reallaşdırılan ardıcıl layihələr statistik göstəricilərlə seminar iştirakçılarının nəzərinə çatdırılmışdır. R.Hüseynov, gəncləri ictimai təhlükəsizliyin qorunmasında hər zaman ayıq-sayıq olmağa və dövlətçilik maraqlarının müdafiəsində polis orqanları ilə sıx əməkdaşlıq etməyə çağırmışdır.

​Quba Rayon Polis Şöbəsinin inspektoru, baş leytenant Aynur Şahbazova isə öz çıxışında ictimai təhlükəsizliyin qorunması və hüquq qaydaları mövzusuna toxunmuşdur.

​Böyük maraqla qarşılanan praktiki konfrans tələbələrin suallarının cavablandırılması və mövzular ətrafında qarşılıqlı müzakirələrlə yekunlaşmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?