12 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə genişmiqyaslı tədbir təşkil olunub. Tədbir çərçivəsində filialın direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevin “Müasir Azərbaycanın dövlət quruculuğu strategiyası: Heydər Əliyev irsi və milli dövlətçilik ənənələrinin inteqrasiyası” mövzusunda Ustad mühazirəsi dinlənilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi missiyaya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ustad mühazirəsini giriş sözü ilə açan professor Yusif Alıyev Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Professor öz genişməruzəli çıxışında qeyd edib:
”1993-cü ilin iyununda Azərbaycan öz tarixinin ən mürəkkəb, parçalanma və məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrünü yaşayırdı. Məhz belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, ictimai-siyasi sabitliyin təmin edilməsində həlledici rol oynadı. Ulu Öndər dühası Azərbaycanı real xaosdan xilas edərək sivil və dayanıqlı inkişaf relsinə çıxardı. Bu gün fəxrlə deyə bilərik ki, müasir dövlətçilik strategiyamızın təməlində Heydər Əliyevin uzaqgörən idarəçilik prinsipləri, milli maraqların qorunması və qanunun aliliyi dayanır. Hazırda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbələr və Şərqi Zəngəzurda, Qarabağda aparılan nəhəng quruculuq işləri məhz həmin uzaqgörən siyasi kursun məntiqi, möhtəşəm davamıdır.”
Ustad mühazirəsində Milli Qurtuluş Gününün həm tarixi hadisə, həm də xalqımızın milli birliyinin, dövlətə sədaqətinin və gələcəyə inamının təcəssümü olduğu xüsusi vurğulanıb. Bildirilib ki, müstəqil Azərbaycanın əldə etdiyi beynəlxalq və daxili nailiyyətlərin əsasında məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi şah əsəri olan müasir Azərbaycan dövləti və onun idarəçilik konsepsiyası dayanır.
Professor Yusif Alıyevin dərin elmi və siyasi təhlillərə əsaslanan, böyük maraqla dinlənilən bu çıxışı auditoriya tərəfindən sürəkli alqışlarla qarşılanıb, iştirakçılar və ziyalılar tərəfindən yekdilliklə yüksək qiymətləndirilib və böyük rəğbət qazanıb.
Daha sonra tədbirdə çıxış edən filialın baş müəllimi, Prezident mükafatçısı, Əməkdar mədəniyyət işçisi Elza Orucova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, elm, mədəniyyət və təhsilin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək öz nitqində bu fikirləri vurğulayıb:
”Heydər Əliyev təkcə dahi bir siyasətçi deyil, həm də Azərbaycan mədəniyyətinin, dilinin və milli kimliyinin ən böyük hamisi idi. O, hər zaman qeyd edirdi ki, təhsil millətin gələcəyidir. Ulu Öndərin hələ sovet dönəmindən başlayan təhsil islahatları, milli hərbi kadrların yetişdirilməsi istiqamətində atdığı addımlar və xaricdə azərbaycanlı gənclərin təhsil almasına yaratdığı şərait bu günkü müstəqilliyimizin intibah fonunu hazırlamışdı. Heydər Əliyev irsi Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edən elə zəngin bir mənəvi-siyasi məktəbdir ki, biz pedaqoqlar bu irsi gənc nəslə ötürməyi özümüzə müqəddəs borc bilirik.”
Tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə davam edib və sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ADPU-nun Quba filialında mütəmadi təşkil olunan bu kimi elmi-maarifləndirici ustad dərsləri və konfranslar tələbə gənclərdə vətəndaşlıq məsuliyyətinin, milli kimlik şüurunun və dövlətçilik dəyərlərinə sarsılmaz bağlılığın möhkəmləndirilməsinə xidmət edir.










