Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində filialın Heydər Əliyev Lektoriyasının müdiri, yazıçı-publisist Nəhayət Şirinovanın müəllifi olduğu “Tarix yazanların salnaməsi: Mehrab dastanı” kitabının təntənəli təqdimat mərasimi keçirilib.
Tədbirdə Quba filialının direktoru professor Yusif Alıyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Cahid Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, Quba Mərkəzi Kitabxanasının müdiri Saməddin Nəsirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Yasin Aşurov, şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin ailə üzvləri, “Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Mehrab Niftəliyevin adını daşıyan Texniki Fənlər Təmayüllü məktəb-liseyin rəhbər və pedaqoji kollektivi, Mübariz Abdullayev adına Qam-Qam kənd tam orta məktəbinin rəhbərliyi və müəllimləri, Vətən müharibəsi qaziləri, təhsil işçiləri, ziyalılar, şair və yazarlar, tələbələr, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin moderatoru filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova qonaqları salamladıqdan sonra sözü giriş nitqi üçün ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə verib.
Professor Yusif Alıyev öz çıxışında tədbirin mənəvi əhəmiyyətini vurğulayaraq, şəhid ailələrinə və qazilərə olan sonsuz ehtiramını bu sözlərlə ifadə edib: “Bu gün rəhbərlik etdiyim elm və təhsil ocağında çox müqəddəs, qürurverici və tarixi bir gün yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi Zəfər bizim milli kimliyimiz və əbədi iftixarımızdır. Bu uca məqamı, bu azadlığı bizə bəxş edən isə canını Vətən torpağına sipər edən şəhidlərimiz və qanları ilə tarix yazan qazilərimizdir. Bu gün salonumuzun baş qonaqları, başımızın tacı məhz şəhidlərimizin bizə əmanəti olan ailə üzvləri və canını fəda etməyə hazır olan qazilərimizdir. Sizlər bizim fəxr və mənəviyyat mənbəyimizsiniz. Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev kimi qəhrəmanları böyüdən valideynlərin qarşısında baş əymək hər birimizin vətəndaşlıq borcudur. Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev öz canı, qanı ilə dastan yazan oğullarımızdandır. Filialımızın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət xanım Şirinova bu gün təqdim olunan ‘Mehrab dastanı’ əsəri ilə təkcə bir qəhrəmanın deyil, bütöv bir xalqın və onun fədakar ailələrinin qəhrəmanlıq ruhunun bədii salnaməsini yaradıb. Biz pedaqoqların və rəhbərliyin ən böyük vəzifələrindən biri məhz tələbə-gənclərimizi şəhidlərimizin və qazilərimizin keçdiyi şərəfli yoldan nümunə götürərək, vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu mənada, ‘Mehrab dastanı’ əsərinə görə müəllifə təşəkkür edir, şəhidimizin əziz ailəsi və bütün şəhid ailələri, qazilərimiz qarşısında bir daha dərin ehtiramla baş əyirəm.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Zəfər tariximizin bədii və sənədli müstəvidə gələcək nəsillərə ötürülməsinin dövlət əhəmiyyətli bir missiya olduğunu vurğulayıb. Deputat qeyd edib ki, Mehrab Niftəliyev kimi Xüsusi Təyinatlı Qüvvələrin qəhrəmanlarının göstərdiyi rəşadət Azərbaycan hərb tarixinin qızıl səhifəsidir: “Bu gün təqdimatına toplaşdığımız bu kitab sadəcə bir oxu materialı deyil, həm də gələcək nəsillər üçün dövlətçilik və vətənə sədaqət dərsliyidir. Yazıçı Nəhayət Şirinova çox böyük məsuliyyətlə bu çətin işin öhdəsindən gəlib və ADPU-nun Quba filialı bu layihəyə tərəfdaşlıq etməklə özünün milli mənəvi dəyərlərə nə qədər sadiq olduğunu bir daha sübut edib.”
Daha sonra çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova partiyanın şəhid ailələri və qazilərlə işi hər zaman prioritet fəaliyyət istiqaməti kimi saxladığını diqqətə çatdırıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi ali qayğı bu gün hər birimiz üçün örnəkdir. Nəhayət xanımın qələmə aldığı ‘Mehrab dastanı’ əsəri xalqımızın birliyini və rəşadətini təcəssüm etdirir. Quba filialının rəhbərliyinə və şəxsən professor Yusif Alıyevə təşəkkür edirəm ki, rayonumuzun ictimai-siyasi və mədəni həyatında vətənpərvərlik mövzulu bu cür möhtəşəm layihələrə davamlı olaraq ev sahibliyi edir.”
Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Cahid Mustafayev isə çıxışında İcra Hakimiyyətinin başçısı adından tədbir iştirakçılarını salamlayaraq, rayonda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb: “Mehrab Niftəliyev Qubanın və bütün Azərbaycanın fəxridir. Onun adını daşıyan məktəb-liseyin kollektivi də bu gün buradadır və bu, qəhrəmana olan ehtiramın bariz nümunəsidir. Rayon rəhbərliyi olaraq biz hər zaman şəhid ailələrinin yanındayıq. Bu gün elm ocağında ərsəyə gələn bu təqdimat mərasimi ziyalılarımızın dövlətimizə və qəhrəmanlarımıza verdiyi mənəvi hesabatdır. Zəhməti keçən hər kəsə rayon ictimaiyyəti adından minnətdarlığımı bildirirəm.”
Təqdimat mərasimində çıxış edən Vətən Müharibəsi Qəhrəmanının atası Söhrab Niftəliyev şəhid ailələrinə göstərilən ali diqqətə və mənəvi dəstəyə görə filialın rəhbərliyinə xüsusi minnətdarlığını bildirib. Söhrab Niftəliyev professor Yusif Alıyevə müraciət edərək bu sözləri vurğulayıb: “Hörmətli Yusif müəllim, rəhbərlik etdiyiniz bu təhsil ocağında şəhidlərimizin xatirəsininin bu cür uca tutulması, canını Vətənə fəda edən oğulların adının əbədiləşdirilməsi biz valideynlər üçün ən böyük təsəllidir. Şəhid ailələrinə hər zaman göstərdiyiniz həssas münasibətə, bu gün bizə yaşatdığınız bu qürurverici anlara və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmiz adından sizə dərin təşəkkürümü bildirirəm. Sizin rəhbərliyinizlə böyüyən gəncliyin vətənpərvər ruhda yetişəcəyinə əminliyimiz tamdır.”
Daxili bir qürur və kövrəkliklə çıxış edən şəhid anası Xalidə Niftəliyeva da öz növbəsində professor Yusif Alıyevin və universitet kollektivinin bu nəcib addımını yüksək qiymətləndirib: “Bir şəhid anası üçün övladının dastanlaşan ömür yolunun gənclərə nümunə göstərilməsi qürurların ən alisidir. Kitabın ərsəyə gəlməsinə şərait yaradan, bizə hər zaman bir ata, bir rəhbər kimi xüsusi doğmalıq və böyük ehtiramla yanaşan professor Yusif Alıyevə ürəkdən təşəkkür edirəm. Şəhidlərimizin xatirəsini qəlbində yaşadan, biz valideynlərin ağrısını özününkü bilən Yusif müəllim kimi ziyalılarımızın sayəsində Mehrabımın və digər qəhrəmanlarımızın ruhu şaddır. Bu uca diqqətiniz və vətəndaşlıq mövqeyiniz qarşısında baş əyirəm.”
Daha sonra təqdimat mərasimində çıxış edən digər natiqlər müəllifin yaradıcılıq fəaliyyətindən, kitabın ideya-məzmun xüsusiyyətlərindən, əsərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan bəhs ediblər. Qeyd olunub ki, “Mehrab dastanı” yalnız bir qəhrəmanın həyat yolunu əks etdirən əsər deyil, eyni zamanda Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq salnaməsininin bədii-publisistik ifadəsidir. Çıxışlarda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin şərəfli ömür yolu, döyüş meydanlarında göstərdiyi misilsiz igidlik, onun timsalında Azərbaycan əsgərinin vətənə sədaqəti və xalqın qəhrəman övladlarına olan ehtiramı xüsusi vurğulanıb. Bildirilib ki, belə əsərlər milli yaddaşın qorunmasına, qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Rəsmi hissədən sonra tətdir bədii proqramla davam edib. Qiraətçi tələbələr Nəhayət Şirinovanın müəllifi olduğu vətənpərvərlik mövzulu şeirlərdən ibarət kompozisiyalar təqdim edərək iştirakçılar tərəfindən alqışlarla qarşılanıblar. Qubalı aşıq Fariz Qayıbovun ifasında səsləndirilən saz havaları və xalq musiqisi nümunələri tədbirə xüsusi rəng qatıb. Daha sonra gənc ifaçı Əmirqulu Əşrəfovun təqdim etdiyi “Xudayar təsnifi” iştirakçılarda dərin emosional duyğular oyadıb və şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsinə çevrilib.
Tədbirin sonunda kitabın müəllifi Nəhayət Şirinova ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev tərəfindən Fəxri Diplomla təltif olunub. Həmçinin müxtəlif dövlət və ictimai qurumların nümayəndələri tərəfindən müəllifə Fəxri Diplom təqdim olunub, təşəkkür və təbriklər ünvanlanıb, xatirə hədiyyələri təqdim edilib.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunan bu möhtəşəm təqdimat mərasimi xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Tarix yazanların salnaməsi: Mehrab dastanı” kitabı Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin həyat və döyüş yoluna həsr olunmaqla yanaşı, Azərbaycanın şanlı Zəfər tarixinin bədii salnaməsi kimi mühüm mənəvi dəyər daşıyır.





















