Quba filialında magistraturaya qəbul olan məzunlarla görüş keçirilib

11.08.2026
Quba filialında magistraturaya qəbul olan məzunlarla görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının cari ilki məzunları magistraturaya qəbul göstəricilərində əsl uğura imza atıblar. Belə ki, məzunlardan 32 nəfəri ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunublar.

​Avqustun 3-də ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev magistraturaya qəbul olunan məzunlarla görüşüb. Filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayevin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə gənclərin əksəriyyəti iştirak edib.

​Görüşdə çıxış edən direktor professor Yusif Alıyev məzunları səmimi qəlbdən təbrik edərək onlara gələcək elmi və praktiki fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayıb. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dillər Universiteti kimi ölkənin aparıcı ali məktəblərində magistr təhsili almaq hüququ qazanmaq məhz ADPU-nun Quba filialında verilən keyfiyyətli, sistemli və dayanıqlı təhsilin real göstəricisidir. Professor Yusif Alıyev qeyd edib ki, filial illər ərzində formalaşdırdığı elmi-pedaqoji mühitlə hər bir tələbəsinin fərdi inkişafına töhfə verir və əldə olunan bu yüksək nəticələr kollektivin birgə gərgin əməyinin bəhrəsidir. ADPU-nun Quba filialı öz məzunlarının hər zaman qürur mənbəyi olmaqla yanaşı, onların gələcəkdə peşəkar kadr kimi yetişməsi, cəmiyyətdə özlərinə layiqli yer tutması, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməsi, həmçinin karyera yolunda inamla irəliləməsi üçün hər zaman zəruri dəstəyi göstərməyə davam edəcək.

​Çıxışın davamında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən milli təhsil strategiyasının əhəmiyyətindən danışan direktor bildirib ki, 44 günlük Vətən müharibəsinin şanlı qələbəsi və ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası hər bir azərbaycanlı gənc qarşısında tamamilə yeni və məsuliyyətli vəzifələr qoyur. Vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət və dövlətçilik prinsiplərinin təbliği hər zaman ADPU-nun Quba filialında ümdə vəzifə kimi qorunub və gələcəkdə də bu istiqamətdə məqsədyönlü işlər davam etdiriləcək.

​Magistratura pilləsində təhsil hüququ qazanan məzunlar da öz növbəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdən qürurla danışıb, hər zaman Vətənimiz və dövlətimiz üçün hər sahədə sədaqətlə xidmət etməyə hazır olduqlarını ifadə ediblər.

​Sonda məzunlar təhsil illərində qazandıqları dərin biliklərə, eləcə də vətənpərvər ruhda formalaşmalarındakı əvəzsiz xidmətlərinə görə filialın direktoru professor Yusif Alıyevə və bütün professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?