Quba filialında Keyfiyyət Komissiyasının növbəti iclası keçirilib.

02.07.2026
Quba filialında Keyfiyyət Komissiyasının növbəti iclası keçirilib.

01 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Keyfiyyət Komissiyasının növbəti iclası keçirilib.

​İclası giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev komissiya üzvlərini və tədbir iştirakçılarını salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağının keyfiyyət təminatı sahəsində qazandığı uğurlardan bəhs edib. Professor Yusif Alıyev çıxışında filialın fəaliyyət coğrafiyasının və profilinin genişləndirilməsi istiqamətində mühüm bir nailiyyəti — filialda yeni, region üçün strateji əhəmiyyət kəsb edən “Aqronomluq” ixtisasının açılmasını xüsusi vurğulayıb. Direktor bu mühüm hadisə münasibətilə bütün professor-müəllim və inzibati heyəti, eləcə də tələbə kollektivini ürəkdən təbrik edərək qeyd edib ki, yeni ixtisasın açılması həm filialımızın elmi-pedaqoji potensialının yüksəlməsinə, həm də regionun aqrar sahədəki kadr ehtiyacının yüksək keyfiyyətlə ödənilməsinə böyük töhfə verəcəkdir. Bu uğurun davamlı olması üçün tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini xatırladan direktor, iclasın işinə uğurlar arzulayıb.

​Daha sonra iclasın gündəliyinə uyğun olaraq, 2025–2026-cı tədris ili üzrə keyfiyyət təminatı istiqamətində görülmüş işlər, özünütəhlil hesabatının hazırlanması, Tədrisin keyfiyyətinin qiymətləndirilməsi qrupunun fəaliyyəti, monitorinq və təhlil nəticələri, eləcə də II yarımil ərzində keçirilmiş sorğuların yekunları müzakirə olunub.

​İclasda Keyfiyyətin təminatı şöbəsinin müdiri Tərifə Qubatova ADPU-nun Quba filialının 2025–2026-cı tədris ili üzrə özünütəhlil hesabatını, Keyfiyyət Komissiyasının hesabatını, həmçinin Tədrisin keyfiyyətinin qiymətləndirilməsi qrupunun 2025–2026-cı tədris ilinin II yarımili üzrə hesabatını təqdim edib. Təqdimatda hesabat dövründə keyfiyyət təminatı sisteminin fəaliyyəti, tədrisin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində görülmüş işlər, əldə olunan nəticələr və növbəti mərhələdə qarşıda duran vəzifələr barədə məlumat verilib.

​Daha sonra Keyfiyyətin təminatı şöbəsinin baş mütəxəssisi Səidə Qurbanova Monitorinq və təhlil qrupunun hesabatını təqdim edib. Hesabatda aparılmış monitorinq işləri, təhlil nəticələri, müəyyənləşdirilmiş əsas istiqamətlər və təkmilləşdirmə ehtiyacı olan məsələlər diqqətə çatdırılıb.

​İclasda 2025–2026-cı tədris ilinin II yarımili ərzində keçirilmiş sorğuların nəticələri də təqdim olunub.

​Keyfiyyətin təminatı şöbəsinin aparıcı mütəxəssisi Eldəniz Quliyev təlim-tədris sorğusunun nəticələrini təqdim edərək tələbələrin tədris prosesi ilə bağlı rəy və təklifləri barədə məlumat verib.

​Keyfiyyətin təminatı şöbəsinin aparıcı mütəxəssisi Emin Yarəmmədov təhsil mühiti və xidmət şəraiti üzrə məmnuniyyət sorğusunun, həmçinin pedaqoji təcrübə sorğusunun nəticələrini təqdim edib. Təqdimatda tələbələrin təhsil mühiti, xidmət şəraiti, mövcud imkanlardan istifadə səviyyəsi və pedaqoji təcrübənin təşkili ilə bağlı fikirləri təhlil olunub.

​İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarov inzibati və tədris-köməkçi heyətin iş yerindən məmnunluq sorğusunun nəticələrini təqdim edib. Sorğunun nəticələri əsasında əməkdaşların iş mühiti, təşkilati proseslər, daxili kommunikasiya və məmnunluq səviyyəsi barədə məlumat verilib.

​Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev məzunlarla keçirilmiş iki sorğunun nəticələrini təqdim edib. Təqdimatda məzunların filialda aldıqları təhsil, peşə hazırlığı, əmək bazarına inteqrasiya və karyera imkanları ilə bağlı rəyləri diqqətə çatdırılıb.

​İclasın yekun hissəsində keyfiyyət elçisi Manafova Röya Keyfiyyət elçiləri qrupunun hesabatını təqdim edib. Hesabatda tələbələrin keyfiyyət təminatı proseslərində iştirakı, onların rəy və təkliflərininin toplanması, tələbə məmnunluğunun öyrənilməsi və keyfiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilib.

​Müzakirələr zamanı təqdim olunan hesabatlar ətrafında fikir mübadiləsi aparılıb, sorğu və monitorinq nəticələrinin tədris prosesinin təkmilləşdirilməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, ADPU-nun Quba filialında keyfiyyət təminatı sisteminin inkişaf etdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbə və məzun rəylərinin nəzərə alınması, eləcə də maraqlı tərəflərlə səmərəli əməkdaşlığın gücləndirilməsi prioritet istiqamətlərdəndir.

​İclasın sonunda gündəlikdə duran məsələlər üzrə aşağıdakı qərarlar qəbul olunub:

​ADPU-nun Quba filialının 2025–2026-cı tədris ili üzrə özünütəhlil hesabatının yekunlaşdırılması istiqamətində struktur bölmələr tərəfindən zəruri məlumatların təqdim edilməsi davam etdirilsin və hesabatın keyfiyyət göstəriciləri əsasında tamamlanması təmin olunsun.

​Keyfiyyət Komissiyasının hesabatında əks olunan nəticələr ümumiləşdirilərək növbəti tədris ili üzrə keyfiyyət fəaliyyət planının hazırlanmasında nəzərə alınsın.

​Tədrisin keyfiyyətinin qiymətləndirilməsi qrupunun 2025–2026-cı tədris ilinin II yarımili üzrə hesabatında qeyd olunan nəticə və təkliflər aidiyyəti kafedra və struktur bölmələrlə müzakirə edilsin, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilsin.

​Monitorinq və təhlil qrupunun hesabatında müəyyən edilmiş nəticələr əsasında təkmilləşdirici tədbirlər planlaşdırılsın, növbəti dövrdə monitorinq fəaliyyətlərinin sistemliliyi və nəticələrin müqayisəli təhlili təmin olunsun.

​Keyfiyyət elçiləri qrupunun fəaliyyəti genişləndirilsin, tələbələrin keyfiyyət təminatı proseslərində iştirakı daha da təşviq olunsun, tələbə rəylərinin toplanması və aidiyyəti bölmələrə çatdırılması mexanizmi sistemli şəkildə davam etdirilsin.

​Sorğu, monitorinq və hesabat nəticələri əsasında müəyyən edilmiş təkmilləşdirmə istiqamətləri üzrə aidiyyəti struktur bölmələr tərəfindən tədbirlərin icrası təmin edilsin və nəticələr növbəti hesabat dövründə Keyfiyyət Komissiyasına təqdim olunsun.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?