Quba filialında Keyfiyyət Komissiyasının iclası keçirilib

02.11.2026
Quba filialında Keyfiyyət Komissiyasının iclası keçirilib

27 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Keyfiyyət Komissiyasının 2026/2027-ci tədris ili üzrə 1-ci iclası keçirilib. Filialın direktoru, Keyfiyyət Komissiyasının sədri, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevin sədrliyi ilə keçirilən iclasda komissiya üzvləri iştirak ediblər.

​İclasda çıxış edən filial direktoru professor Yusif Alıyev bildirmişdir ki, filialda tədris keyfiyyətinin daha da yüksəldilməsi, elmi-pedaqoji potensialın səmərəli qiymətləndirilməsi və müasir tələblərə cavab verən mütəxəssis hazırlığı qarşımızda duran ən əsas strateji vəzifələrdəndir. Direktor xüsusi olaraq vurğulamışdır ki, yeni ixtisasların qəbulu məsələsi, bölgənin əmək bazarının tələbatı və müasir dövrün çağırışları fonunda dərindən təhlil olunmalıdır. Bu istiqamətdə yeni ixtisasların açılması, mövcud ixtisaslar üzrə qəbul göstəricilərinin dinamikasının öyrənilməsi, kadr hazırlığının keyfiyyəti və gələcək perspektivlərin qiymətləndirilməsi mühüm vəzifə kimi qarşıda durur. Eyni zamanda, auditoriyalarda tədris prosesinin məzmunca zənginləşdirilməsi, müasir interaktiv və rəqəmsal pedaqoji texnologiyaların tədrisə tətbiqi, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda, yüksək intellektual səviyyədə yetişdirilməsi daim diqqət mərkəzində olmalıdır. Professor-müəllim heyətinin dərslərə hazırlığı, elmi-tədqiqat fəaliyyətlərinin intensivləşdirilməsi və tələbələrin akademik nəticələrinin mütəmadi monitorinqi də keyfiyyət təminatının səmərəliliyini artıracaq mühüm amillərdəndir.

​İclasın əsas məqsədi filialda təhsilin keyfiyyətinin davamlı yüksəldilməsi, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, akkreditasiya tövsiyələrinin icrası və tələbəyönümlü fəaliyyətlərin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin müzakirəsi olub. Gündəlikdə yer alan ilk üç məsələ üzrə Keyfiyyətin təminatı şöbəsinin müdiri Tərifə Qubatova çıxış edib. İlk olaraq Keyfiyyət Komissiyasının 2026–2027-ci tədris ili üzrə illik iş planı müzakirəyə təqdim olunub. İş planında nəzərdə tutulan fəaliyyət istiqamətləri, keyfiyyət təminatı proseslərinin sistemli təşkili, monitorinq və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib.

​Gündəlikdə yer alan növbəti məsələ üzrə Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Lalə Beydullayeva tərəfindən I tədris ili tələbələri arasında keçirilmiş “Motivasiya sorğusu”nun nəticələri təqdim edilib. Sorğunun nəticələri tələbələrin ali təhsilə və seçdikləri ixtisaslara münasibətinin, ilkin gözləntilərinin və təhsil motivasiyasının öyrənilməsi baxımından müzakirə olunub. Əldə olunan məlumatların tələbə məmnunluğunun və təhsil mühitinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.

​İclasın sonuncu məsələsi Tələbə Keyfiyyət Elçiləri qrupunun tərkibinin yenilənməsi və tələbələrin keyfiyyət təminatı proseslərində iştirakının genişləndirilməsi ilə bağlı olub. Eyni zamanda, qrup rəhbəri tələbə Yeganə Quliyeva tərəfindən “Sabah başlayaram” mövzusunda təlimin keçirilməsi məsələsi müzakirə edilib. Təlim təşəbbüsü tələbələrdə vaxtın səmərəli idarə edilməsi, şəxsi məsuliyyət, özünüinkişaf və akademik fəaliyyətlərin vaxtında yerinə yetirilməsi bacarıqlarının formalaşdırılması baxımından diqqətə çatdırılıb.

​İclas çərçivəsində müzakirə olunan məsələlər ADPU-nun Quba filialında keyfiyyət mədəniyyətinin inkişaf etdirilməsi, tədrisin keyfiyyətinin davamlı qiymətləndirilməsi, tələbə rəyinin idarəetmə və təkmilləşdirmə proseslərində nəzərə alınması, eləcə də təhsil proqramlarının inkişafı istiqamətində fəaliyyətlərin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?