13 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında filialın direktoru professor Yusif Alıyevin təşəbbüsü ilə gənclərin potensialının üzə çıxarılması, onların akademik göstəriciləri ilə yanaşı sosial və mədəni həyatda da fəal iştirakının təmin edilməsi istiqamətində növbəti maraqlı tədbir baş tutub. Belə ki, 2026-2027-ci tədris ilində filiala yeni qəbul olmuş tələbələrin sırasında öz xüsusi bacarıqları, yaradıcılıq qabiliyyətləri və incəsənətə olan böyük sevgiləri ilə seçilən — şeir deyən, incə fırçası ilə rəsm çəkən və musiqi alətlərində ifa etməyi bacaran tələbələrlə xüsusi görüş keçirilib.
Səmimi və ruhlandırıcı mühitdə keçirilən görüşdə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva, həmçinin filialın Tələbə təşkilatlarının rəhbərləri Nurlan Ömərov və Xədicə Orucova iştirak ediblər.
Görüş çərçivəsində gənclərin yaradıcılıq potensialı yüksək qiymətləndirilib, onların asudə vaxtlarının səmərəli təşkili, universitetin mədəni-kütləvi tədbirlərində aktiv iştirakı və gələcək layihələri ətraflı müzakirə olunub. p. f. d Aysel Şeydayeva vurğulayıb ki, filial rəhbərliyi tərəfindən istedadlı gənclərin öz qabiliyyətlərini daha da inkişaf etdirmələri və yeni uğurlara imza atmaları üçün hər zaman lazımi şərait və hərtərəfli dəstək göstəriləcəkdir. Tələbə təşkilatlarının rəhbərləri də öz növbələrində gəncləri yeni yaradıcılıq platformalarında fəal olmağa çağırıblar.
Tədbirin gedişində tələbələr öz istedadlarından nümunələr təqdim edərək görüşə xüsusi rəng qatıblar. Sonda böyük təhsil ailəmizə yeni qoşulan istedadlı gənclərə həm təhsillərində, həm də yaradıcılıq fəaliyyətlərində bol-bol uğurlar arzulanıb. Daha sonra fəal gənclərə tapşırıqlar verilib, onlarla, effektiv əlaqənin qurulması məqsədilə müvafiq qruplar yaradılıb.




