Quba filialında innovativ əməkdaşlıq layihəsinin uğurlu yekunu qeyd olunub

29.04.2026
Quba filialında innovativ əməkdaşlıq layihəsinin uğurlu yekunu qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında universitet–məktəb və universitet–icma əməkdaşlığının inkişafına xidmət edən mühüm layihənin yekun mərhələsinə həsr olunmuş tədbir keçirilib. Müasir təhsil çağırışlarına cavab verən bu təşəbbüs ali təhsil ilə praktik təhsil mühiti arasında körpü rolunu oynayaraq, gələcək müəllim kadrların hazırlanmasında yeni yanaşmaların tətbiqini təmin edir.

ADPU-nun Quba filialı ilə Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumitəhsil məktəbi arasında formalaşdırılmış səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Universitet–məktəb və universitet–icma əsaslı məktəbəqədər təhsil əməkdaşlığı üzrə tələbələrin məktəb mühitində təcrübə və inkişaf proqramı” layihəsinin yekunlarına həsr edilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məktəbin rəhbər və pedaqoji kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev layihənin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, müasir dövrdə təhsil sisteminin əsas prioritetlərindən biri nəzəri biliklərlə praktik bacarıqların vəhdətini təmin etməkdir. O bildirib ki, ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında inteqrasiyanın gücləndirilməsi əmək bazarının tələblərinə cavab verən, rəqabətqabiliyyətli və peşəkar müəllim kadrların hazırlanmasında mühüm rol oynayır. Professor, həmçinin layihənin tələbələrin praktik bacarıqlarının formalaşmasına, real təhsil mühitinə adaptasiyasına və onların peşəkar inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək, layihənin uğurla icrasında göstərilən dəstəyə görə məktəbin direktoru və layihə rəhbəri Sevil Allahverdiyevaya təşəkkürünü ifadə edib.

Daha sonra çıxış edən Sevil Allahverdiyeva layihə çərçivəsində tələbələrin məktəb mühitində qazandıqları praktiki təcrübənin onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını vurğulayıb. O, proqramın uğurla icra olunduğunu və universitet–məktəb əməkdaşlığının davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Tədbirin davamında təcrübə proqramında iştirak edən tələbələr tərəfindən təqdimatlar nümayiş etdirilib. Səma Xalıqova və Aysun Əliyeva layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqları təqdim edərək, proqramın onların peşəkar inkişafına verdiyi töhfələri əyani şəkildə nümayiş etdiriblər. Digər tələbələr – Samirə Babayeva, Aytən Pirmuradlı, Sevinc Bəşirova və başqaları da çıxış edərək layihənin onların praktik hazırlıq səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildiriblər.

Görüş ADPU-nun Quba filialının Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin baş mütəxəssisi Murad Fərhadlının moderatorluğu ilə təşkil olunub.

Tədbirin sonunda layihədə fəal iştirak edən tələbələr sertifikatlarla təltif olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və birgə xatirə fotosu çəkilib.

Qeyd edək ki, bu kimi təşəbbüslər ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə, tələbələrin əmək bazarının tələblərinə uyğun praktik hazırlığının gücləndirilməsinə və onların müasir təhsil mühitinə uğurlu inteqrasiyasına mühüm töhfə verir. Bu layihə, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində innovativ yanaşmaların tətbiqinin uğurlu nümunəsi kimi çıxış edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?