Tanıtım görüşləri Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs tələbələrinin akademik mühitə adaptasiyası, sosial-mədəni inteqrasiyası və potensiallarının üzə çıxarılması məqsədilə silsilə tanıtım görüşləri təşkil olunub.
Görüşdə çıxış edən filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva ali təhsil müəssisəsində gənclərin hərtərəfli şəxsiyyət kimi formalaşması üçün zəruri infrastrukturun qurulduğunu diqqətə çatdırıb. O, filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevin rəhbərliyi ilə tələbə yönümlü siyasətin uğurla icra olunduğunu, gənclərin elmi, ictimai və yaradıcılıq potensialının reallaşdırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Eyni zamanda, tələbələrin praktiki bacarıqlarının artırılması məqsədilə müxtəlif qurumlarla qurulan səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub.
Tədbirin davamında Tələbə Gənclər Təşkilatının sədri Nurlan Ömərov, Tələbə Elmi Cəmiyyətinin sədri Xədicə Orucova, sədr müavinləri Əzimə Ömərzadə və Əli Daşdəmirov, klub sədri Mələk İbrahimova çıxış edərək filialın zəngin tələbə həyatı, elmi-ictimai fəallıq imkanları barədə ətraflı məlumat veriblər. Çıxışlarda gənclərin intellektual inkişafı və asudə vaxtının səmərəli təşkili istiqamətində fəaliyyət göstərən klubların iş prinsipi izah edilib.
Tədbir Əli Daşdəmirovun moderatorluğu ilə davam edib.
Görüşün sonunda qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr, tədbirlər planı və gələcək görüş qrafikləri diqqətə çatdırılıb. I kurs tələbələrinin maraq dairələrini, potensial istedad və bacarıqlarını müəyyənləşdirmək məqsədilə xüsusi anket sorğularının keçirilməsi qərara alınıb və müvafiq keçidlər və linklər iştirakçılara təqdim olunub.









