Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialında 20 fevral 2026-cı il tarixində Filialın İnkluziv təhsil laboratoriyasında “Heydər Əliyev və Azərbaycan dilinin konstitusiya statusu” adlı elmi-praktik konfrans keçirilib.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın Filologiya kafedrasının təşkilatçılığı ilə hazırlanmış konfransda məruzəçilər – direktor müavini p.ü.f.d. A. Şeydayeva, kafedra müdiri dosent G. Ağabəy, tələbə – gənc tədqiqatçı Leyla Hüseynova qeyd ediblər ki, Azərbaycan dilinin dövlət dili statusu qazanması bizim milli istiqlal tariximizin ən parlaq səhifələrindən biridir. Bu uğurun arxasında isə böyük bir siyasi iradə – Heydər Əliyev dühası dayanır.
Dahi rəhbərin 1995-ci il Konstitusiya layihəsinin hazırlanması zamanı göstərdiyi qətiyyət bu gün bizim bu universitetdə ana dilimizdə sərbəst elmi müzakirələr aparmağımıza zəmin yaratmışdır. O, sübut etdi ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də dövlətin rəmzi, bayrağı və gerbi qədər toxunulmazdır. Biz, təhsil işçiləri olaraq, bu gün 2026-cı ilin hədəfləri çərçivəsində təkcə şəhərlərimizin deyil, həm də gənclərimizin nitq mədəniyyətinin memarı olmalıyıq. İnkluziv təhsil laboratoriyamızda keçirilən bu konfrans həm də onu göstərir ki, Azərbaycan dili bütün vətəndaşlarımız üçün bərabər imkanlar yaradan, birləşdirici bir gücdür.”
Bundan əlavə filialın” Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ili tələbələri – A. Əliyeva, S. Abusəddərova, A. Əliverdiyevanın ifasında Ana dilinə həsr edilmiş müxtəlif şeir və kompozisiyalar, musiqi nömrələri təqdim edilib.
Tədbir filialın tələbəsi Çəməngül Burjuyevanın moderatorluğu ilə keçirilib.







