Quba filialında gənc tədqiqatçıların konfransı keçirilib

26.05.2026
Quba filialında gənc tədqiqatçıların konfransı keçirilib

​Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, həmçinin 28 May – Müstəqillik Gününə həsr olunmuş “Memarlıq və müstəqillik: quruculuqdan tərəqqiyə” mövzusunda elmi-praktiki konfrans baş tutmuşdur.

​Filialın Heydər Əliyev adına lektoriyasında yüksək səviyyədə təşkil olunan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, gənc tədqiqatçılar və dəvət olunmuş qonaqlar iştirak etmişlər.

​Konfransın açılışında Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

​Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev geniş və proqram xarakterli məruzə ilə çıxış etmişdir. Professor Yusif Alıyev öz çıxışında ilk növbədə 28 May Müstəqillik Gününün tarixi əhəmiyyətinə toxunaraq, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının dövlətçilik tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulamışdır. Direktor qeyd etmişdir ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət dövründə milli atributlarımızın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, ordunun qurulması və qadınlara seçki hüququnun verilməsi kimi nəhəng addımlar müstəqillik məfkurəmizin təməlini qoymuşdur. Həmin dövrdə çətin siyasi şəraitə rəğmən milli memarlıq və quruculuq ənənələrinin qorunması, Bakı Dövlət Universitetinin təsisi kimi mədəni və maarifçi addımlar gələcək müstəqilliyimizin intibah rüşeymləri idi.

​Professor məruzəsində davam edərək bildirmişdir ki, müstəqilliyimiz Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik dühası sayəsində yenidən bərpa olunmuş və əbədi xarakter almışdır. Ulu öndərin ölkənin şəhərsalma və memarlıq sahəsində əsasını qoyduğu unikal strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf modelinin əsas sütununa çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş və böyük quruculuq meydanına çevrilmiş qədim Qarabağ və Şərqi Zəngəzur torpaqları, Cümhuriyyət qurucularının da ruhunu şad edəcək şəkildə, bu unikal memarlıq fəlsəfəsinin və milli intibahımızın ən canlı nümunəsidir.

​Daha sonra konfransın gedişatına uyğun olaraq, Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri, baş müəllim Elbrus Əhmədovun moderatorluğu ilə məruzələr hissəsi başlamışdır. Sədr Elbrus Əhmədov öz çıxışında konfransın elmi aktuallığına toxunaraq bildirmişdir ki, müstəqillik dövrü Azərbaycan memarlığı təkcə vizual yenilik deyil, həm də milli kimliyimizin və dövlət suverenliyimizin daşlara yazılan salnaməsidir. Gənc alimlərin bu sahədəki tədqiqatlarının əhəmiyyətini qeyd edən sədr, konfransın beynəlxalq statusunun təcrübə mübadiləsi baxımından gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır.

​Konfransda p.f.d. Pərvanə Rzayeva, p.f.d. Aysel Şeydayeva, Nübar Bayramova, t.f.d. Mürvət Əliyev, r.f.d. Elnarə Axundova, Gülər Yaqubova və Bikə Fərmanzadə çıxış edərək mövzu ətrafında dəyərli elmi mülahizələrini bölüşmüşlər.

​Məruzələrdə müstəqillik dövründə Azərbaycan memarlığının keçdiyi şərəfli inkişaf yolu, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə cənnət Qarabağda böyük uğurla tətbiq edilən və dünyaya nümunə olan “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) layihələri, həmçinin şəhərsalma prosesində müasir təhsil infrastrukturunun, məktəblərin rolu və pedaqoji yanaşmalar, multikultural və İnkluziv cəmiyyət anlayışları geniş, fundamental şəkildə təhlil olunmuşdur.

​Yüksək elmi-praktiki fəallıq, geniş diskussiya və işgüzar şəraitdə keçən beynəlxalq konfransın yekununda mövzular ətrafında geniş müzakirələr aparılmış, rəy və təkliflər dinlənilmişdir. Sonda tədbir iştirakçıları ilə birlikdə bu tarixi günü əbədiləşdirən xatirə fotosu çəkilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?