17 mart 2026-cı il tarixində ADPU-nun Quba filialında 27 Mart – Elm Gününə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminar geologiya və minerologiya üzrə fəlsəfə doktoru, dosent Güləddin Həmzəyevin təqdimatında “Dini dünyagörüşü və onun tərbiyədə rolu” mövzusuna həsr olunmuşdur. Tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə təşkil edilmişdir.
Elmi seminarı giriş sözü ilə filialın direktoru, professor Yusif Alıyev açaraq professor-müəllim heyətini və tələbələri salamlamışdır. O, Elm Gününün yaranma tarixi və mahiyyəti haqqında ətraflı məlumat vermiş, elmin qədim sivilizasiyalardan – Şumer və Roma mədəniyyətlərindən başlayaraq müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, xüsusilə qədim mixi yazıların elmi düşüncənin formalaşmasındakı rolunu diqqətə çatdırmışdır. Bununla yanaşı, seminarın mövzusuna toxunan professor, dini dünyagörüşü ilə elmi dünyagörüş arasında mövcud olan paralelləri, onların fəlsəfi kəsişmə nöqtələrini və insan tərbiyəsində oynadığı rolu elmi əsaslarla izah etmişdir. Çıxışının sonunda o, iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişdir.
Daha sonra söz məruzəçi, dosent Güləddin Həmzəyevə verilmişdir. O, məruzəsində dini dünyagörüşünün fəlsəfi mahiyyətini, onun insanın mənəvi formalaşmasında və tərbiyəsində oynadığı mühüm rolu geniş şəkildə təhlil etmişdir. Məruzəçi, həmçinin ümummilli lider Heydər Əliyevin müqəddəs Məkkə ziyarətindən bəhs edərək, dini-mənəvi dəyərlərin dövlətçilik və milli ideologiya ilə vəhdətini xüsusi vurğulamışdır. Mövzu çərçivəsində müxtəlif elm adamlarının fikirləri və sitatları təqdim olunaraq məsələyə çoxşaxəli yanaşma sərgilənmişdir.
Seminar interaktiv müzakirə şəraitində davam etmiş, iştirakçıların sualları cavablandırılmış və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda xatirə fotoları çəkilmiş və elmi seminar yüksək təşkilatçılıq səviyyəsi ilə yekunlaşmışdır.





