Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ali təhsil pilləsində təhsil sənədlərinin elektron formada hazırlanması, müvafiq məlumatların informasiya sistemlərinə düzgün daxil edilməsi və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.
İclasda ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev də iştirak edərək müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq məktublarından irəli gələn tapşırıqlar, elektron təhsil sənədlərinin formalaşdırılması prosesi, TMİS və AOİTAS sistemlərində məlumatların tamlığı və dürüstlüyünün təmin olunması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, elektron təhsil sənədlərinin düzgün hazırlanması üçün “Təhsilalanlar”, “Təhsil proqramı”, “Tədris planı”, “Qrup”, “Qiymət” və “Maliyyə” modulları üzrə məlumatların vaxtında, tam və dəqiq işlənilməsi xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı 04.06.2026 və 11.06.2026-cı il tarixlərində Azərbaycan Texniki Universitetində keçirilən təlimlərdə iştirak etmiş filialın İKT şöbəsinin müdiri Yusif Abayev iclas iştirakçılarına təlim zamanı müzakirə olunan məsələlər, sistemə məlumatların daxil edilməsi qaydaları və elektron təhsil sənədlərinin hazırlanması prosesində nəzərə alınmalı məqamlar barədə ətraflı məlumat verib.
Sonda aidiyyəti struktur bölmələr üzrə məsul şəxslərin koordinasiyalı fəaliyyətinin təmin edilməsi, məlumatların operativ şəkildə yoxlanılması və elektron təhsil sənədlərinin hazırlanması ilə bağlı tələb olunan işlərin vaxtında icra olunması tapşırılıb.


