Quba filialında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs təşkil edilib

20.05.2026
Quba filialında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs təşkil edilib

May ayının 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. Dərs filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, mülki müdafiə qərargahının rəisi, p.f.d. Aysel Şeydayevanın moderatorluğu ilə ADPU-nun Quba filialının Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində təşkil edilib. Nümunəvi dərsdə FHN-in Şimal Regional Mərkəzinin Müdafiəyə hazırlıq şöbəsinin əməkdaşları – rəis müavini mayor Elnur Mürsəlov, baş zabit, baş leytenant Üzeyir Qasımov, baş zabit, baş leytenant Hikmət Ağayev, həmçinin filialın professor-müəllim və tələbə heyəti iştirak edib.

​Giriş sözü ilə çıxış edən filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Aysel Şeydayeva iştirakçıları filialın direktoru, professor Yusif Alıyevin adından salamlayıb. A. Şeydayeva tərəfindən həm də nümunəvi dərs çərçivəsində filialın direktoru, professor Yusif Alıyevin mühüm bir elmi-praktik təşəbbüsü də iştirakçıların diqqətinə çatdırılıb. Direktorun təşəbbüsünə əsasən, gələcək pedaqoji kadrların mülki müdafiə sahəsində praktiki biliklərini daha da dərinləşdirmək məqsədilə filialda “Könüllü Tələbə Xilasedicilər Dəstəsi”nin yaradılması və FHN-in Şimal Regional Mərkəzinə tələbələr ilə birlikdə növbəti tədris ilindən etibarən səfərlərin təşkili və xüsusi praktiki simulyasiya təlimlərinin keçirilməsi qərara alınıb. Bu təşəbbüs həm də gələcək müəllimlərin işləyəcəkləri məktəblərdə uşaqların təhlükəsizliyini təmin edə biləcək peşəkar vərdişlərə yiyələnməsinə xidmət edəcək.

Direktor müavini daha sonra vurğulayıb ki, müasir dövrdə təbii və texnogen xarakterli fövqəladə hallardan qorunma metodlarının öyrənilməsi hər bir vətəndaşın, xüsusilə də gələcəyin pedaqoqları olan tələbələrin fundamental vəzifələrindən biridir. O, ali təhsil müəssisələrində mülki müdafiə hazırlığının yüksək səviyyədə saxlanılmasının vacibliyinə diqqət çəkərək, FHN-in regional strukturları ilə mütəmadi keçirilən bu cür maarifləndirici tədbirlərin gənclərdə ekstremal şəraitlərdə çevik və düzgün qərar qəbuletmə vərdişlərini formalaşdırdığını qeyd edib.

​Daha sonra çıxış edən regional mərkəzin müvafiq şöbə üzrə rəis müavini mayor Elnur Mürsəlov və baş zabit Üzeyir Qasımov mülki müdafiənin ümumi sistemi, fərdi və kollektiv mühafizə vasitələri, eləcə də fövqəladə hallar zamanı əhalinin təxliyə edilməsi qaydaları barədə geniş məruzə ediblər. Qonaqlar qeyd ediblər ki, respublikamızda elan olunan “Şəhərsalma və Memarlıq İli” kontekstində müasir infrastrukturun təhlükəsizlik standartlarına uyğun qurulması və şəhərsalma strukturlarında mülki müdafiə tələblərinin nəzərə alınması xüsusi aktuallıq kəsb edir. Çıxışçılar, həmçinin yanğın təhlükəsizliyi, zəlzələ və digər təbii fəlakətlər zamanı davranış qaydalarını əyani vasitələrlə nümayiş etdirərək, daxili təhlükəsizlik mədəniyyətinin cəmiyyətdə yayılmasının önəmini vurğulayıb, gəncləri bu sahədə daha diqqətli olmağa çağırıblar.

​Dərs tələbələrin və müəllimlərin mövzu ətrafında suallarının FHN əməkdaşları tərəfindən cavablandırılması istiqamətində maraqlı və interaktiv formada davam edib. Sonda bu formatda dərslərin davamlı olaraq keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?