14 may 2026-cı il tarixində ADPU-nun Quba filialında “CareerLAB” Şəbəkəsi çərçivəsində “Təhsildə müasir çağırışlar və perspektivlər” mövzusunda panel müzakirə təşkil olunub.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, müəllimlər və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak ediblər.
Tədbirin açılışında ADPU-nun Quba filialının Tədris və elmi işlər üzrə direktor müavini p. f. d. Pərvanə Rzayeva çıxış edərək təhsil sahəsində müasir yanaşmaların əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev çıxış edərək “CareerLAB” Şəbəkəsinin yaratdığı imkanlar, gənclərin inkişafına verdiyi töhfələr və layihənin əsas məqsədləri barədə iştirakçılara ətraflı məlumat verib.
Panel müzakirəsində spiker qismində filialın fakültə dekanı v.m.i.e Nübar Bayramova, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Allahverdiyeva və həmin məktəbin qabaqcıl müəllimi Lətifə Camalova çıxış ediblər. Spikerlər təhsil sahəsində müasir çağırışlar, şəxsi inkişaf, karyera planlaması və gənclərin gələcək perspektivləri ilə bağlı öz təcrübə və fikirlərini iştirakçılarla bölüşüblər.
İnteraktiv formatda keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, panel zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.










