Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan tarixinin ən mühüm və dramatik mərhələlərindən biri olan Bakı və Quba xanlıqlarının Rusiya imperiyası tərəfindən işğalının 220 illiyinə həsr olunmuş respublika elmi konfransı baş tutub.
Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Cahid Mustafayevin və hər iki elm ocağının professor və müəllim heyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimində giriş sözü ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev konfransın elmi və ideya-siyasi əhəmiyyətindən danışıb. O qeyd etmişdir ki, xalqımızın azadlıq mücadiləsi tarixini, işğal dövrünün acı dərslərini və göstərilən müqavimət nümunələrini öyrənmədən güclü dövlətçilik qurmaq qeyri-mümkündür. Direktor həmçinin ali təhsil müəssisələri ilə akademik qurumlar – xüsusilə Tarix və Etnologiya İnstitutu arasında formalaşan sıx elmi əməkdaşlığın gənc tədqiqatçılara yol açdığını vurğulayıb.
Konfransın plenar iclasında çıxış edən AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyası tərəfindən ilhaqı prosesinin ümumi mənzərəsini, imperiya müstəmləkəçiliyinin regional strukturunu və yerli idarəetmə sisteminin ləğvi mexanizmlərini elmi dəlillərlə şərh edib.
İnstitutun aparıcı elmi işçiləri – Zeynəb Qafarova, Zəfər Kərimov, Ramil Niftəliyev və Mirnazim Cəfərov çıxışlarında general P.D. Sisianovun Şimali Azərbaycana qarşı həyata keçirdiyi qəddar hərbi yürüşləri, yerli əhaliyə qarşı törədilən zorakılıqları və işğal siyasətinin əsas istiqamətlərini arxiv sənədləri əsasında təhlil ediblər. Eyni zamanda, 1809–1811-ci illərdə Quba bölgəsində baş vermiş xalq üsyanlarının səbəbləri, gedişatı və imperiya ordusuna qarşı göstərilən güclü silahlı müqavimətin tarixi əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışlarda xüsusi vurğu ilə qeyd olunan əsas istiqamətlərdən biri də Quba xanlığının sonuncu hökmdarı Şeyxəli xanın imperiya işğalına qarşı apardığı barışmaz istiqlal mübarizəsi olub. Alimlər onun ömrünün son illəri, hərbi taktikaları, müqavimət mərkəzləri, eləcə də vəfat tarixi və dəfn olun yeri ilə bağlı tarixi mənbələrdə mövcud olan ziddiyyətli faktları və yeni elmi mülahizələri iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirdə həmçinin ADPU-nun Quba filialının professor-müəllim heyətinin nümayəndələri tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev və tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış edərək XVIII əsrdə Quba xanlığının vergi sistemi, aqrar münasibətlər, əhalinin sosial-iqtisadi təbəqələşməsi, Bakı xanlığının iqtisadi həyatında neft amilinin rolu, xarici tərəfdaşlıq və ticarət əlaqələri, habelə xanlıqların yaranması və regional dövlətçilik ənənələri barədə geniş məruzələr təqdim ediblər.
Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən konfransın yekununda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və tədbir xatirə şəkilinin çəkdirilməsi ilə başa çatıb. Konfransda səsləndirilən məruzələrin toplu halında nəşr olunaraq elmi ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.













