Quba filialında bakalavr ixtisasları üzrə təhsil proqramlarının yenilənməsi ilə bağlı iclas keçirilib.

20.02.2026
Quba filialında bakalavr ixtisasları üzrə təhsil proqramlarının yenilənməsi ilə bağlı iclas keçirilib.

ADPU-nun Quba filialında təhsil proqramlarının yenilənməsi istiqamətində işlər yaradılmış işçi qrupların fəaliyyəti ilə artıq müəyyən müddətdir davam edir. İclasda proqramlar hazırlanarkən mövcud orta ixtisas və magistratura proqramları ilə varisliyin qorunmasının, pillələrarası uyğunluğun təmin edilməsinin vacibliyi də xüsusi qeyd olundu.

Qeyd olundu ki, proqramlar hazırlanarkən mövcud orta ixtisas və magistratura proqramları ilə varisliyin və pillələrarası uyğunluğun təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Filialın direktoru professor Yusif Alıyev çıxışında bildirdi ki, tapşırıq vaxtında və məsuliyyətlə icra olunub, ixtisaslar üzrə təhsil proqramlarının layihələri hazırlanıb. Bugünkü iclasın məqsədi isə həmin layihələri daha geniş və praktik baxışla yenidən nəzərdən keçirmək, məzmunu əmək bazarının real gözləntilərinə uyğunlaşdırmaqdır.

İclasda təhsil proqramları hazırlanarkən istinad edilməsi tövsiyə olunan əsas sənədlərə diqqət çəkildi.

Təqdimat və müzakirələr

Gündəliyin birinci məsələsi üzrə Tədris şöbəsinin müdiri Mələk Bağırova hazırlanmış proqram layihələri barədə məlumat verdi, əsas yenilikləri təqdim etdi və proqramların məqsəd, nəticələr, məzmun, fənn ardıcıllığı və kredit yükü baxımından ümumi icmalını paylaşdı.

Daha sonra kafedra müdirləri çıxış edərək layihələrə dair öz qeydlərini və təkliflərini səsləndirdilər, fənlərin məntiqi ardıcıllığı, təcrübə komponentinin gücləndirilməsi və kompetensiya yönümlü yanaşmanın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Əmək bazarı nümayəndələrinin rəyləri

İclasda əmək bazarını təmsil edən iki qonağın iştirakı xüsusi əhəmiyyət kəsb etdi:

• Könül Məmmədova (Quba “Günəş” körpələr evi-uşaq bağçası) bildirdi ki, filialın 7 məzunu onların müəssisəsində metodist, tərbiyəçi və ingilis dili müəllimi kimi fəaliyyət göstərir. O, təhsil proqramlarının yenilənməsi ilə bağlı praktik bacarıqların artırılması və təcrübənin daha məqsədyönlü qurulması istiqamətində təkliflərini səsləndirdi.

• Fidan Bağırova (Quba “Viqas Med” psixologiya və nitq inkişafı mərkəzi) qeyd etdi ki, filialın 8 məzunu mərkəzdə və onun filiallarında çalışır. O, məzun kompetensiyalarının əmək bazarı tələbləri ilə daha sıx uzlaşdırılması barədə tövsiyələrini təqdim etdi.

Müzakirələrin yekununda səsləndirilən rəylər əsasında layihələrin son redaktəsi və təqdimat üçün hazırlanması üzrə razılaşdırmalar aparıldı. Hazırlanmış təhsil proqramı layihələri yekunlaşdırıldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə təkliflər paketi kimi təqdim ediləcək.

Filialımız əmək bazarı ilə əməkdaşlığı genişləndirərək, müasir çağırışlara cavab verən, keyfiyyətli və tətbiqyönümlü təhsil proqramlarının hazırlanması istiqamətində işi davam etdirir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?