Quba filialında Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən beynəlxalq təlim keçirilib

18.05.2026
Quba filialında Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən beynəlxalq təlim keçirilib

15 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında akademik heyət və tələbələr üçün “IB Liderlik zəkaları vasitəsilə parlaq gələcəyə doğru istiqamətləndirmək” mövzusunda beynəlxalq səviyyəli təlim təşkil olunub.

Təlim Avropa Azərbaycan Məktəbinin CEO və direktoru, həmçinin CCAAIBWS-in sədri Françesko Bankini tərəfindən keçirilib.

​Filialın Böyük zalında təşkil edilən təlimi sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Aysel Şeydayeva açıq elan edib, bu istiqamətdə direktor, professor Yusif Alıyev tərəfindən irəli sürülən innovativ təşəbbüslərin və yaradılan geniş imkanların əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, “Yusif Alıyevin rəhbərliyi altında beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsinin mütəmadi xarakter alması, professor-müəllim və tələbə heyətinin qlobal təhsil standartlarına inteqrasiyası baxımından əvəzsiz bir töhfədir.”

Təlim zamanı beynəlxalq təhsil sistemində liderlik anlayışı, IB təhsil modelinin müasir çağırışlara uyğun tətbiqi, gənclərin analitik düşünmə, qərarvermə və komandada işləmək bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ətraflı təqdimat nümayiş olunub. Təlim çərçivəsində iştirakçılar liderlik zəkalarının formalaşdırılması, qlobal vətəndaşlıq düşüncəsinin təşviqi, XXI əsr bacarıqları və akademik mühitdə motivasiya strategiyaları barədə geniş məlumat əldə ediblər.

Olduqca interaktiv və müzakirələrlə zəngin və filialın şöbə müdiri Dünya Əhədovanın moderatorluğu ilə keçən təlim zamanı tələbə və müəllim heyəti tərəfindən qonağa müxtəlif suallar ünvanlanıb, beynəlxalq təhsil təcrübələri ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları xüsusilə müasir təhsil sistemində yaradıcı yanaşma, fərdi inkişaf və akademik liderlik mövzularına böyük maraq göstəriblər.

Təlimin sonunda xüsusi fəallığı ilə seçilən əməkdaş və tələbələrə Françesko Bankininin müəllifi olduğu kitablar hədiyyə olunub. Xatirə fotoları çəkdirildikdən sonra görüş filialın Heydər Əliyev Lektoriyasında çay süfrəsi ətrafında davam etdirilib, səmimi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ADPU-nun Quba filialında beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllimlərin qlobal təhsil mühiti ilə inteqrasiyasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?