06 avqust 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında yeni açılmış “Aqronomluq” ixtisasının inkişaf perspektivlərinə həsr olunmuş geniş tərkibli işgüzar görüş keçirilib.
Görüşdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərləri, kənd təsərrüfatı sahəsinin tanınmış mütəxəssisləri və yerli aqronomlar iştirak ediblər.
Tədbiri ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev açaraq qonaqları səmimi salamlayıb, görüş haqqında ətraflı məlumat verib. Direktor çıxışında filialda yeni ixtisasların açılmasında hər zaman diqqəti və dəstəyinə görə fərqlənən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova dərin təşəkkürünü bildirib. Professor Yusif Alıyev, həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə və regionda fəaliyyət göstərən DAİM-lərə, digər müvafiq struktur və təşkilatlara da ayrıca təşəkkür edərək bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Direktor çıxışında qeyd edib ki, bu ixtisasın açılması ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasətinin prioritet istiqamətləri ilə tam səsləşir, regionun sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı sektorunun elmi əsaslarla gücləndirilməsinə və yüksək ixtisaslı kadr hazırlığının təmin olunmasına mühüm töhfə verəcək. O, filial üçün strateji əhəmiyyət daşıyan bu layihənin uğurlu icrası naminə elm, təhsil və istehsalat arasında səmərəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Dəyirmi masa formatında davam edən tədbirdə çıxış edən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru İlham Qaraqurbanlı, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov və Şabran DAİM-in direktoru Azər Hüseynov yeni açılan ixtisasa görə professor Yusif Alıyevin inamla addımladığını xüsusi vurğulayıb, ona bu məsuliyyətli yolda uğurlu mütəxəssislər yetişdirmək üçün hər cür dəstəyi göstərməyə hazır olduqlarını bildiriblər. Natiqlər bölgədə aqrar sahənin aktual problemlərindən, müasir çağırışlardan və kadr hazırlığının keyfiyyətinin artırılmasından bəhs ediblər.
Müzakirələr zamanı bölgənin tanınmış aqronomları və sahə üzrə mütəxəssislər kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə praktiki təcrübələrini bölüşüb, tədris prosesində istehsalat müəssisələri ilə əlaqələrin gücləndirilməsinə dair dəyərli fikirlər səsləndiriblər.
Daha sonra ADPU-nun Quba filialının direktor müavini p.f.d. Pərvanə Rzayeva və şöbə müdiri Mələk Bağırova yeni açılan ixtisasın tədris proqramları, qarşıda duran hədəflər və təşkilati məsələlərə dair ətraflı təqdimatlarla çıxış ediblər.
Görüşün sonunda iştirakçıların rəy və təklifləri dinlənilib, yeni açılmış “Aqronomluq” ixtisasının fəaliyyətinə və gələcək inkişafına uğurlar arzulanıb. Tədbirdə səsləndirilən təkliflər regionda aqrar təhsilin keyfiyyətinin yüksəldilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.











